Anar Bağırov: “Hüquqi xidmətlərdə dəyişiklik olacaq”
“Dövlət hesabına təmin edilən hüquqi yardımla bağlı problem aradan qaldırılmaqdadır”.
APA TV-nin məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, ölkədə start verilən islahatlar fonunda Vəkillər Kollegiyasında və ümumilikdə hüquqi xidmətlərdə də dəyişikliklər olacaq: “İlk dəfə olaraq, büdcədən dövlət hesabına göstərilən hüquqi yardımla bağlı ayrılan vəsait Vəkillər Kollegiyasının hesabına köçürüləcək və bu sahədə olan boşluqlar aradan qalxacaq. Eyni zamanda məlumat üçün deyim ki, gələn həf`tədən Vəkillər Kollegiyasının yeni bir qurumu Hüquqi Yardım və Təlim Mərkəzi fəaliyyətə başlayacaq”.
Anar Bağırov qeyd edib ki, indiyə qədər vəkillərin ekspertiza üçün müraciət etmək hüququ yox idi, lakin artıq qanunvericiliyə edilən dəyişikliyə əsasən, vəkil bilavasitə Məhkəmə Ekspertiza Mərkəzi, yaxud gələcəkdə fəaliyyət göstərəcək özəl məhkəmə eksperti ilə müqavilə bağlamalı və ekspertiza üçün müraciət etməlidir.
Tədbirdə çıxış edən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib ki, bundan əvvəl Mülki və İnzibati Prosessual məcəllələrdə ekspertiza aparılması müddəti göstərilməmişdi, artıq bu müddət İnzibati Prosessual Məcəlləyə əsaslanacaq: “Burda nə göstərilir? Ekspertizanın icra müddəti 1 ay. O zaman bəzi hallarda, biz öz praktikamızda da rast gəlirik, icra müddətinin qarışdırılmasına yol verilirdi. Bəzən isə məhkəmənin ekspertiza təyinatındakı qərardadın tarixi əsas götürülürdü. Təsəvvür edin ki, Qərardad qəbul olunur, onun çap olunması, göndərilməsi poçtla gəlməsi ən yaxşı halda 5-10 gün çəkirdi. Bu da narazılıqlara səbəb olurdu ki, filan tarixdən ekspertiza təyin olunub lakin ekspertizadan bir xəbər yoxdur.
O qeyd edib ki, 2018-ci ilin 18 dekabrında verilən fərmanda isə göstərilir ki, icra müddəti materialın ekspertiza mərkəzinə daxil olduğu vaxtdan hesablanmalıdır. Bu da insanlar arasında yaranacaq narazılığın qarşısını almağa xidmət edəcək.
Tədbir müzakirələrlə davam edib, jurnalistlərin sualları cavablandırılıb.
Səfər Əlizadə, Əli Ələkbər, APA TV