Anar Eyvazov: “Artilleriya bölmələrinin təlimləri işğaldan azad olunan rayonlarda da davam edir”

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Artilleriya bölmələrinin döyüş hazırlığı təlimlərini izləyiblər.

 

APA TV xəbər verir ki, ilkin mərhələdə Artilleriya bölməsinin şəxsi heyəti həyəcan siqnalı ilə ayağa qaldırılıb.

 

Növbəti komanda ilə müxtəlif təyinatlı özüyeriyən artilleriya texnikaları və zirehli avtomobillər döyüşə hazır vəziyyətə gətirilib.

 

Artilleriya qoşunlarının komandanı, General Mayor Ağamir Sultanovun sözlərinə görə, Vətən Müharibəsinin ilk günü artilleriya bölmələri  kütləvi atəş zərbələri ilə düşmənin 500-ə qədər hədəfini məhv edib: “Şuşa şəhərinin işğaldan azad olunmasına və qələbəyə aparan, təhlükəli, keçilməsi xüsusi peşəkarlıq tələb edən dağ meşə-yolundan müvəffəqiyyətlə keçən özüyeriyən və reaktiv qurğular bölmələrimizin atəş dəstəyini təmin edib. Əməliyyat taktiki raket və reaktiv artilleriya divizionları kimi uzaqmənzilli raket sistemlərinin dəqiq atışları ilə düşmənin əməliyyat planları pozulub və məğlub olublar”. 

 

Müdafiə Nazirliyinin Mətbuat Katibi, polkovnik Anar Eyvazov jurnalistlərə açıqlamasında  artilleriya bölmələrinin döyüş hazırlığı təlimlərinin işğaldan azad olunan rayonlarımızda da plan üzrə davam etdirildiyini bildirib: “Vətən Müharibəsi bitdikdən sonra da Müdafiə Nazirliyi tərəfindən təsdiq olunmuş döyüş hazırlığı planına uyğun olaraq daimi dislokasiya məntəqələrində və işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Ordusu yerləşərək döyüş hazırlığı ilə məşğul olur. Qoşunlar yüksək texnoloji silahları mənimsəyir. Şəxsi heyətə həmin silahlar praktiki şəkildə öyrədilir”.

 

Artilleriya bölmələrinin zabiti Pərviz İbrahimovun sözlərinə görə, ordumuz hal-hazırda döyüş hazırlığına uyğun olaraq səhra vərdişlərinin daha da mükəmməl artırılması istiqamətində fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, təlimlər davam edir.

 

Xələf Xələfov,

Musa qulammirzəyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv