Anar Kərimov: "31 mart soyqırımına beynəlxalq müstəvidə qiymət verilməlidir"

“Ermənilər təkcə 103 il əvvəl deyil, 90-cı illərin əvvəllərində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqrımını həyata keçirib. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu, onun göstəricisidir ki, ermənilərdə nəsil dəyişsə də, faşist ideologiyası dəyişmir və bu onların dövlət siyasətinin bünövrəsini təşkil edir”.

APA TV-nin xəbərinə görə, bunu Quba Soyqrımı Memorial Kompleksində jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov deyib.

Onun sözlərinə görə, 1918-ci ildə törədilən soyqrımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir: “Məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməlidir və tanıdılmalıdır. Quba Soyqrımı Memorial Kompleksinin inşası da məhz bu məqsədlərə xidmət edir.  Azərbaycanlılar heç zaman ermənilərin törətdiyi cinayətləri unutmamalıdır”. 

Nazir həmçinin bildirib ki, həm 44 günlük Vətən Müharibəsi, həm Xocalı soyqırımı haqqında, həm də tarixi filmlərin çəkilməsi planlaşdırılır.  

Qeyd edək ki, Azərbaycanlıların soyqırımının 103-ci ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.

Mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.

Daha sonra Quba Soyqırımı Memorial Kompleksində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanışlıq olub.

Müəllif | Apa.Tv
Apa.tv