Anar Kərimov: "Fəxri adlara namizədləri müstəqil komissiya müəyyənləşdirəcək"
Ötən gün Milli Məclisin Mədəniyyət komitəsinin keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov fəxri adların verilməsində bəzi şəxslərin sui-istifadə hallarının olduğunu bildirib.
APA TV-nin xəbərinə görə, o deyib ki, bu sahədə yeniliklər olacaq. Çünki fəxri adların verilməməsinə görə bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb.
Onun sözlərinə görə, bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq: “Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istifadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.
Lakin bu gün jurnalistlərə açıqlama verən nazir əvəzi fəxri adların verilməsi ilə bağlı dediyi fikir düzgün anlaşılmadığını, söhbətin gələcəkdə fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınmasından getdiyini qeyd edib. O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin həyata keçirilməsi təklif edilib: "Bu mexanizmdə konkret meyarlar olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlara təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil komissiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olacaq. Bu, bizim təklifimizdir. Bununla da gələcəkdə prosesdə hər hansı sui-istifadə hallarının qarşısını ala biləcəyik".
Mədəniyyət Nazirliyində həbslər və Hesablamalar Palatasının apardığı yoxlamalarla bağlı suallara cavab verən A.Kərimov deyib ki, bu məsələni artıq Maliyyə Nazirliyi və digər dövlət qurumları araşdırdığı üçün şərh vermək istəmir.
Daha sonra nazir əvəzi teatrların fəaliyyəti barədə Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirələr apardığını vurğulayıb.
Elvin Paşazadə,
Musa Qulammirzəyev,
APA TV