Anar Kərimov: “Şuşanın UNESCO-nun Mədəni İrs siyahısına salınması üçün işlərə başlamışıq"
"İşğaldan azad edilməsindən dərhal sonra Şuşanın UNESCO-nun Mədəni İrs siyahısına salınması üçün işlərə başlamışıq".
APA TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, 2001-ci ildə Azərbaycan tərəfinin təklifi ilə Şuşa şəhəri UNESCO-nun ilkin siyahısına daxil edilib: “Sadəcə olaraq, Şuşa 28 il düşmən tapdağında olduğu üçün və oradakı bir sıra tarixi abidələr - qala divarı, ev muzeyləri, məscidlər barbarcasına dağıdıldığı üçün biz bunu Ümumdünya İrs siyahısına daxil etmək iqtidarında deyildik. Lakin Şuşa işğaldan azad edilən kimi biz dərhal elan etdik ki, işlərə başlamışıq. Bununla bağlı artıq beynəlxalq və yerli ekspertlərlə əlaqələr yaradılıb. Şuşanın tarixi mərkəzinə səfər ediləcək, oradakı mədəniyyət incilərinin monitorinqi aparılacaq və bunun əsasında da namizədlik dosyesi hazırlanaraq UNESCO-ya təqdim ediləcək".
Anar Kərimov bildirib ki, Xudafərin körpüləri də bütün meyarlarına görə, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir: “Bununla əlaqədar olaraq biz artıq nominasiya dosyesinin hazırlanması prosesinə başlamışıq. İlk növbədə Xudafərin körpüləri UNESCO-nun ilkin siyahısına daxil edilməlidir. Bundan sonra isə Xudafərin körpələri sərhəd bölgəsində yerləşdiyi üçün İran İslam Respublikası ilə birgə onun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışacağıq. Bu, bizim üçün önəmli məsələlərdən biridir. Çünki Xudafərin körpüləri Azərbaycan memarlığının incilərindən hesab edilir”.
Mədəniyyət nazirinin birinci müavini ermənilərin məscidlərdə donuz saxlaması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, mənşəyindən asılı olmayaraq ibadət evlərinə hörmət göstərilməlidir: “Təəssüflər olsun ki, biz ermənilər tərəfindən bunu görmədik. Nəinki məscidlər, hətta alban məbədləri belə baxımsız, dağıdılmış vəziyyətdə idi. Bildiyiniz kimi, Hadrutda belə bir alban məbədi tapılmışdı, o baxımsız və dağıdılmış vəziyyətdə idi. Bu, bir daha göstərir ki, ermənilər heç bir ümumbəşəri dəyərə hörmət etmirlər, beynəlxalq hüquq normalarına məhəl qoymurlar. Təəssüflər olsun ki, bu, belədir. Amma biz bu abidələrimizin bərpa edilməsi ilə məşğul olacağıq”.
Nazir müavini qeyd edib ki, artıq Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunublar: “Əməkdaşlarımız həmin abidələrin vəziyyətini öyrənir, onların hamısını sənədləşdirirlər. Bu faktları toplayıb beynəlxalq təşkilatlara göndərəcək və eyni zamanda, bu abidələrin bərpa və konservasiya işləri ilə məşğul olacağıq. Bu sahəyə də biz həm yerli, həm də beynəlxalq ekspertləri dəvət etmək istəyirik. Beynəlxalq ekspertlərin dəvət edilməsində məqsəd ondan ibarətdir ki, bütün dünyaya bu vəhşiliklər çatdırılsın”.
Anar Kərimov həmçinin 28 il ərzində Azərbaycanın qədim xalçaçılıq nümunələrinin, qiymətli əşyaların, əlyazmaların, digər muzey eksponatlarının ölkəmizdən qeyri-qanuni çıxarılaraq satıldığını və talan edildiyini vurğulayıb.