Anar Kərimov: "Tahir Salahovun ürəyi hər zaman Azərbaycanla döyünüb"

Xalq rəssamı Tahir Salahov bu gün I Fəxri Xiyabanda dəfn edilib.

 

APA TV xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Anar Kərimov, mərhumun ailə üzvləri, yaxınları, incəsənət və mədəniyyət nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət naziri Anar Kərimov Tahir Salahovun vəfatını Azərbaycan ictimaiyyəti üçün ağır itki olduğunu bildirib: “Bütün Azərbaycan ictimaiyyəti üçün ağır gündür. Azərbaycanın görkəmli dövlət xadimi, ictimai xadim Tahir Salahovun dəfn mərasimidir. Tahir müəllim təkcə Azərbaycanın deyil, həm də dünya şöhrətli bir rəssam olub. Ürəyi hər zaman Azərbaycanla döyünüb. Onun əsərləri dünyanın ən gözəl, ən mötəbər muzeylərində nümayiş olunub. O, Azərbaycanı hər yerdə layiqincə təbliğ edib. Fürsətdən istifadə edərək onun ailə üzvlərinə, Azərbaycan ictimaiyyətinə dərin hüznlə baş sağlığı diləyirəm, Allah rəhmət eləsin!”

 

Xalq yazıçısı Natiq Rəsulzadə isə rəssamın bütün dünyada tanındığını qeyd edib: “Tahir Salahov təkcə Azərbaycan yox, bütün dünyada tanınmış bir insandır, böyük sənətkardır. Mən onu uzun illər idi tanıyırdım. Moskvada ədəbiyyat institutunda oxuyurdum. Gedib ondan müsahibə alırdım. Biz Bakıda görüşəndə mənə deyirdi ki, sənin kitablarını oxuyuram. Bir dəfə zarafatca dedim ki Tahir müəllim yoxlayacam sizi. Mənə öz kitabımdan danışdı. Çox xeyirxah insan idi.  Hər zaman əl tuturdu. Xüsusən gənc rəssamlara dəstək olurdu”.

 

Xalq rəssamı Sakit Məmmədov deyir ki, Tahir Salahov deyəndə, nəhəng şəxsiyyət gözümün önünə gəlir: “O, Azərbaycan zəhmətkeşlərini, Azərbaycan neftçilərini dünyaya tanıtdı, mən təbii ki belə bir rəssam tanımıram. Yüz ildə bir dəfə gələ bilər bu cür rəssamlar. Onun əsərləri hər zaman var, yaşayacaq. Bizim üzümüzü ağ edəcək. Necə ki, bu günə qədər edib. Ona görə də mənim hər zaman Tahir Salahov deyəndə, nəhəng şəxsiyyət gözümün önünə gəlir”.

 

Xalq rəssamının məzarı görkəmli alim Lütfi Zadənin məzarının yanında yerləşir.

 

Qeyd edək ki, Tahir Salahov mayın 21-də, 92 yaşında Berlində müalicə olunduğu xəstəxanada vəfat edib.

 

Xələf Xələfov,

Xəqani Hüseynov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv