“APA Group”da koronovirusla bağlı dezinfeksiya işləri aparılıb
Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində dezinfeksiya işləri davam etdirilir. Ölkə ərazisində koronavirusla bağlı tibbi-proflaktik vəziyyətə nəzarət gücləndirilib. Bununla bağlı “APA Group”un inzibati binasında da dezinfeksiya işləri həyata keçirilib.
İnzibati bina əməkdaşların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə dezinfeksiya edilib.
Virusla bağlı qabaqlayıcı tədbir olaraq mərtəbələr dezinfeksiyaedici məhlullarla təmizlənib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yayılmağa başlayan yeni koronavirusun digər ölkələrə keçməsi ilə bağlı "səhiyyədə qlobal fövqəladə hal" elan edib.
Qeyd edək ki, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır.