APA TV müharibənin ilk günündə şəhid olan Zamiq Əhmədovun ailəsində olub
Göyçaylılar sentyabrın 27-də Zamiq Əhmədovun şəhidlik xəbərini eşidəndə Qarabağda müharibənin başlandığını bildilər.
İnsan ömrü kitaba bənzəyir. Vərəqlədikcə, elə hey sonuncu səhifəyə can atırsan. Kimi gec, kimisi tez ömrünün son səhifəsini tamamlayır. Vətən Müharibəsinin şəhidi Zamiq Əhmədov da həyatının son səhifəsini çox tez, ömrünün 33-cü payızında bitirdi.
Vətən müharibəsinin ilk şəhidi olan Zamiq Əhmədovun ölümündən bir il ötür. APA TV-nin yerli bürosu xəbər verir ki, Zamiqin şəhid xəbərini eşidən kimi Göyçay sakinləri cəbhədə müharibənin başlandığını biliblər. Zamiq Çingiz oğlu Əhmədov 1987-ci ilin noyabrın 16-da Göyçay rayonu Ləkçıplaq kəndində anadan olub. Zamiq həqiqi hərbi xidmət Goranboy rayonunun Tapqaraqoyunlu kəndində keçib.
2020-ci ilin sentyabr ayının 21-də səfərbərlik üzrə çağırışa qoşulub. Əvvəlcə hərbi xidmət keçdiyi Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə, sentyabrın 27-də isə Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərə yollanıb. Zamiqin qismətinə düşən döyüş yolu cəmi bir gün çəkib. Elə Ağdam istiqamətində başlanan ağır döyüşdə şəhidlik zirvəsinə ucalıb.
Qələbəmizin memarlarından, vətənin azadlığı uğrunda canını bağışlayanlardan olan Zamiq Əhmədovun nəşi sentyabrın 27-də doğulduğu Ləkçıplaq kəndinə gətirilib.
İki övlad atası olan Zamiqin arzusu Qarabağın işğaldan azad olunması uğrunda başlayan döyüşlərdə sonadək iştirak edərək Şuşaya üçrəngli bayrağımızı sancmaq idi.
44 günlük Vətən Müharibəsinin qəhrəmanına çevrilən Zamiq Çingiz oğlu Əhmədov Prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və ”Ağdamın işğaldan azad olunması uğrunda” medalı ilə təltif edilib.