APA TV-nin Vətən Müharibəsi iştirakçısı olan əməkdaşı 3-cü medalını aldı

Bu gün Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularını müxtəlif orden və medallarla təltif edib. Onlardan biri də APA TV-nin əməkdaşı Semral Cavadovdur.

 

25 yaşlı Semral “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. O, Vətən Müharibəsi zamanı Qubadlı və Laçın cəbhələrində döyüş yolu keçib. Laçın dəhlizi yaxınlığındakı Suarası kəndində 4 yaralı döyüş yoldaşını 3 km uzaqlıqdakı hərbi tibbi yardım maşınına  təxliyə edib, bir neçə yüksəkliyin düşməndən azad edilməsində iştirak edib: “2016-cı ili Aprel döyüşlərinə qatılmağı çox istəyirdim, lakin o zaman tələbə olduğum üçün qatıla bilmədim. Daha sonra universiteti bitirdim, hərbi xidməti başa vurdum. Vətən Müharibəsi ən böyük arzum reallaşdırdı. Müharibə sözlə ifadə edilməyəcək qədər çətin bir şeydir. Hər şey bir tərəfə, döyüş yoldaşının biri yaralandıqda, sanki öz qardaşının yaralandığını hiss edirsən”.


Semral bundan əvvəl “Vətən uğrunda” və “Qubadlının azad olunması görə ” medalları ilə təltif olunub. Bu gün “Laçının azad olunmasına görə” medalı ilə təltif olunması isə onun üçün gözlənilməz olub: “Müharibədən sonra internetdən öyrəndim ki, iki medal verilib. Lakin Laçın medalı aralarında yox idi. Sonda hərbi hissədən tərxis zamanı dedilər kim “Laçın medalı” ilə təltif olunmayıb? Mən demədim ki, mən olunmamışam. Çünki mən müharibəyə medal üçün getməmişdim. Döyüşlər zamanı iki dəfə minomyot atəşinə düşdüm, yaralılardan birini təxliyə edərkən onurğamdan zədə aldım. Lakin əsas odur ki, mən qələbə gününü gördüm, o qürur hissini yaşadım”.


Qeyd edək ki, Semral Cavadov internetdə əsgərlərin ifasında böyük populyarlıq qazanmış “Cənab leytenant” mahnısının ifaçılarından biridir: ”Biz o mahnını komandirimiz Əmirbəy Ramaldanovun şərəfinə ifa etmişdik. Çox səmimi alınmışdı. Çünki komandirimiz həmişə bizə bir əsgər kimi yox, öz qardaşı kimi baxırdı. Hətta biz mahnını oxuyub bitirdən sonra kövrəlmişdi”.


İlahə Vəliyeva,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv