APA TV “Zəfərin izi ilə” Ağdamda – REPORTAJ
APA TV-nin çəkiliş qrupu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən ilk reportajı təqdim edirik.
Hazırda Ağdam şəhərinin girişindəyik. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev bu rayona səfər edərkən üçrəngli bayrağımızı məhz buraya sancıb.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. XX əsrin 50-ci illərində aparılan arxeoloji qazıntılar zamanı rayonun qədim insan məskəni olması məlum olub. Rayon ərazisində yerləşən Leylatəpə, Üzərliktəpə yaşayış məskənlərində eradan əvvəl II minilliyin I yarısına aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. 1930-cu ildə yaradılan Ağdam rayonunun ərazisi 1150 kvadrat km, əhalisinin sayı 153 000 nəfərdir. Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi fəaliyyət göstərib. Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşirdi. 1993-cü il iyulun 23-də ermənilər tərəfindən işğal edilən Ağdam rayonu 27 il boyunca talana məruz qalıb, yerli əhali öz ev-eşiyindən didərgin salınıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında şanlı ordumuzun 44 gün ərzində işğal olunan torpaqlarımızı azad etməsi bizi doğma Ağdamımıza qovuşdurdu.
Öncəki kadrlardan da gördüyünüz kimi, Ağdam şəhəri sözün əsl-mənasında tamam dağıdılıb. Bütün yaşayış evləri, ictimai binalar, mülki obyektlər erməni vəhşiləri tərəfindən darmadağın edilib.
Ağdam şəhəri və şəhərə qədər yolumuzun üzərində olan bütün kəndlərdə oxşar mənzərə ilə qarşılaşdıq. Dağıdılmış, yandırılmış evlər, ot basmış küçələr, suyu qurudulmuş bulaqlar. Ermənilərin bütün əraziləri xüsusi dəqiqliklə minaladığını nəzərə alaraq təyin olunan marşrut xəttindən çıxmadan Ağdam şəhərinin mərkəzinə gəldik.
Vaxtilə Ağdam şəhərinin ən gözəl və baxımlı küçəsi hesab olunan məkandayıq. 1868-ci ildə inşa edilən məscid məhz bu küçədə yerləşir. Məscidin hazırkı durumunu kadrlardan görmək mümkündür. Ermənilər tərəfindən məscid tamamilə dağıdılıb. Bu müqəddəs məkandan ermənilər tövlə, anbar kimi istifadə ediblər.
Tarix üzrə elmlər doktoru Qasim Hacıyevin sözlərinə görə, Cümə məscidi Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Bölgə mühüm ticarət mərkəzinə çevrildiyindən, Ağdam Cümə məscidi də xüsusi önəm daşıyırdı. Məsciddə qadınların və kişilərin bir-birini görmədən eyni anda ibadət etməsi mümkün idi: “Qarabaği təxəllüslü bir memarın əl işidir bu. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də bu cür müsəlman abidələri var. Bunlardan birincisi Bərdədə tikilən qoşa minarəli məsciddir. İkincisi Ağdam məscididir. Digər məscid Şuşada idi - Gövhər Ağa məscidi. Bu məscidlər biri-birinə oxşayırlar və memarları eyni şəxsdir”.
İki minarəsi olan məscidin fasad hissəsi, eyni zamanda məscidə bitişik olan digər köməkçi hissələr məhv edilib. Minarələrdən birinə çıxmaq mümkün olmasa da, digər minarədən şəhər dağıntıların daha geniş seyr etmək mümkündür.
Ağdam məscidinin minarəsindəyik. Minarədən dağıdılmış, viran edilmiş gözəl, sevimli Ağdamımız daha aydın görünə bilir. Mənim diqqətimi xüsusən bir məqam daha çox çəkdi. Şəhərdə binalar, evlər bir-birinə yaxın, sıx şəkildə tikilib. Nizamlılıq gözlənilib. Bu isə onu deməyə əsas verir ki, işğaldan öncə Ağdam şəhəri xüsusi bir əsrarəngizliyə, gözəlliyə sahib şəhər olub.
Dağıntılar içərisində boy verən Ağdam məscidi şanlı ordumuzun əsgərləri tərəfindən təmizlənib. Məscid içməli su ilə təmin olunub. Məscidə Ali Baş Komandan İlham Əliyev tərəfindən Məkkə şəhərindən gətirilən Qurani-Kərim, həmçinin digərlərinin hədiyyə etdikləri Quran, təsbeh və digər dini əşyalar qoyulub. Hazırda məsciddə ibadət etmək mümkündür.
Ağdam məscidindən qürurlu və üzücü hisslərlə ayrılırıq. Yolumuz isə Pənahəli xan tərəfindən təqribən 1751-ci ildə inşa edilmiş Şahbulaq qalasınadır. Şərq üslubunda tikilən qala Azərbaycan memarlığının incəliklərini özündə qoruyub saxlaya bilib. Memarlıq abidəsinin tikinti işləri Ağdamın Şahbulaq adlı ərazisində başlayıb. Ehtimal ki, qalanın adı da burada yerləşən gur sulu bulağın adından – Şah bulağından götürülmüşdür. Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa edilən ikinci qaladır. 2005-ci ildə ermənilər qalada təmir işləri apararaq, buraya Tiqronakert adı veriblər.
Arxamızda Koroğlu, yanımızda isə Şahbulaq qalası... Lakin 30 ildir ərazilər ermənilər tərəfindən işğal olunduğundan, qalalar bizim nəzarətimizdə olmamışdı. Ərazini işğal edən ermənilər qala ətrafında müxtəlif məqsədlərlə qazıntı işləri aparmaqdan da çəkinməyiblər.
Qala ətrafında əsrarəngiz bulaqlarla yanaşı, qədim Alban məbədləri də say çoxluğu ilə diqqət çəkib. Lakin məbədlərin böyük əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Sağ qalan yeganə məbədin isə üzərinə xaç işarəsi çəkməklə özününküləşdirməyə çalışıblar. Lakin aparılan bütün “restavrasiya” işlərinə baxmayaraq, qala özünün əvvəlki interyerini qoruyub saxlamağı bacarıb.
Qalanın daxilində müəyyən təmir işləri aparan ermənilər burada özlərinin Tiqranakert adlandırdıqları saxta tarix muzeyini yaradıblar. Muzeyin içərisinə isə özlərinə aid eksponatlar gətirib yerləşdiriblər. Bu ərazilər ordumuz tərəfindən işğaldan azad edildikdən sonra isə həmin əşyaları söküb aparıblar.
Tarix üzrə elmlər doktoru Qasım Hacıyevin sözlərinə görə, ermənilər bu ərazilərdə yerləşən abidələrdə dəyişikliklər etməklə yanaşı, özlərindən guya “qədim erməni tarixi”ni əks etdirən saxta abidələr də tikiblər: “Şahbulaq qalası Pənah xan tərəfindən tikilən qaladır. Pənah xan Qarabağ xanlığını yaradanda 18-ci əsrin ortalarında qarabağlıları, Kəbirli tayfasını, İyirmi dördləri, Otuz ikiləri və digər tayfaları öz ətrafına yığaraq Qarabağ xanlığın yaratdı, Bayat qalasını tikdirdi. Bayat qalası mühafizə baxımından əlverişli olmadığı üçün yerini dəyişərək Şahbulaq qalasına gəldi. Şahbulaq qalası çox möhtəşəm, yığcam şəkildə bir qaladır. Ətrafında təsərrüfat sahələri var. 7 metr hündürlüyündə qala divarları, 8 metr hündürlüyündə bürcləri var və bura xanın iqamətgahı idi”.
Tarixi saxtalaşdırmanın bütün yollarına əl atan erməni vandalları 27 il ərzində, kim bilir, daha nə qədər tarix və memarlıq abidələrimizi yer üzündən siliblər. “Zəfərin izi ilə” layihəsində ermənilərin bu vandallıqlarını çəkərək, sizlərə göstərməkdə davam edəcəyik.