APA TV “Zəfərin izi ilə” Cəbrayılda - REPORTAJ
Kiçik Qafqazın Cənub şərq hissəsində, Gəyən düzü və Qarabağ silsiləsində bir rayon yerləşir. Laylasını Araz çayının şaqraq səsindən, gücünü və tarixini isə Xudafərin körpüsünün min illik əzəmətindən alan Cəbrayıl rayonu...
APA televiziyasının çəkiliş qrupu “Zəfərin izi” layihəsi çərçivəsində Cəbrayıl rayonuna da səfər edib.
Cəbrayıl rayonu cənubdan İran İslam Respublikası ilə, cənub-qərbdən Zəngilan, Qubadlı və Xocavənd rayonları ilə həmsərhəddir. Rayonun öz adını Cəbrayıl atanın adından götürüldüyü deyilir. Bəzi mənbələrdə isə bu adın Allahın sevimli mələklərindən olan Cəbrayılın adı ilə əlaqəli olduğu əksini tapıb. Rayon kimi ilk dəfə 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilsə də, 1964-cü ildə yenidən rayon statusu alıb.
Rayon ərazisində saysız-hesabsız abidə, mağara, qala, məbəd qalıqlarının olması Cəbrayılın yaşının daha qədim olmasından xəbər verir. Tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazisində yaranan bütün dövlətlərin tərkibində Cəbrayıl rayonunun adı keçib. Rayon ərazisində 1-i şəhər, 4-ü qəsəbə, 92-si kənd olmaqla ümumilikdə 97 yaşayış məntəqəsi olub. Birinci Qarabağ müharibəsi vaxtı düşmənə qarşı qətiyyətli mübarizə aparan Cəbrayıl rayonu 400-ə yaxın şəhid verib. Rayon 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edilib. 2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 44 günlük Vətən Müharibəsi zamanı isə Cəbrayıl rayonu və ətraf kəndləri işğaldan tam şəkildə azad olunub.
İşğal edilən digər rayonlarımız kimi, Cəbrayılın da qəsəbə və kəndləri tamamilə dağıdılıb. Yerləşmə mövqeyi, yaşayış binaları, ictimai iaşə obyektlərinin çoxluğu baxımından əsl şəhər üslubunu özündə cəmləşdirən Cəbrayıl şəhərindən əsər əlamət qalmayıb.
İşğal nəticəsində rayona 13 milyard ABŞ dolları məbləğində zərər vurulub. Hazırda Cəbrayıl şəhərinin mərkəzi küçələrindən biri ilə addımlayırıq. Təəssüf hissi ilə deyə bilərəm ki, Füzuli və Cəbrayıl rayonlarında gördüyümüz mənzərələrin daha ağırını bu rayonda görməkdəyik. Bütün evlər və ictimai tikililər dağıdılıb, sökülərək aparılıb. Qarşımıza təsadüf tikililər çıxdı ki, oranı da donuz saxlamaq üçün istifadə ediblər. Şəhərin bütün yolları dağıdılıb. İşıq, su xətləri məhv edilib. Şəhərin bəzi hissələrində isə hərbi bazalar qurublar.
Cəbrayıl rayonu tarixi abidələrlə zəngin olub. Rayon ərazisində 16-cı və 19-cu əsrlərə aid 5 məscid, 20-dən çox tarix-memarlıq abidəsi mövcud olub. Ancaq erməni vəhşiliyi nəticəsində bu gün həmin abidələrin bəziləri yer üzündən silinib, qalanları isə dağıdılıb.
Şəhərin mərkəzində, Soltanməcid hamamının qarşısındayıq. Hamamın çöl hissələri dağıdılıb. Bir neçə otağını saxlayan ermənilər hamamın taxta qapısını söküb, lazım olmadığı halda qalın dəmirdən qapı qoyublar. Bu isə onu göstərir ki, buradan onlar saxlama yeri kimi istifadə ediblər. Yəni cəza verdikləri əsgərlərini gətirib, bu kiçik otaqlara salaraq cəzalandırıblar.
Düşmən həmçinin təbii bulaqları, bir zamanlar insanların asudə vaxtlarını keçirdiyi çay evlərini, buludlara boy verən çinar ağaclarını belə məhv edib.
Ermənilərin 30 ilə yaxındır xalqımıza vurduğu zərər təkcə şəhərlərin, tarixi abidələrin, yolların dağıdılması deyil, eyni zamanda xalqımıza, dövlətimizə qarşı ekoloji terrorun törədilməsidir. Bu gün biz ermənilərin xalqımıza qarşı törətdikləri ekoloji terrorun şahidi oluruq. Hazırda mənim dayandığım yerdə böyük su kəhrizi olub. Həm şəhəri su ilə təmin edib, eyni zamanda insanlar gəlib buradan su içiblər. Kəhrizin içərisini daş və digər əşyalarla dolduran ermənilər kəhrizin tam məhvinə çalışıblar.
Yəqin ki, Cəbrayıl sakinləri bu kadrları ürək ağrısı ilə izləyir. Dəmir yolu xətti üzərində yerləşməklə tranzit əhəmiyyət daşıyan, Şimali və Cənubi Azərbaycanın ortaq nöqtəsi sayılan rayon xarabalığa çevrilib.
Olduğumuz əraziyə vaxtilə insanlar istirahət üçün gəliblər. Burada çay evləri olub. Gördüyünüz bu yol dostluq bulağına gedən yoldur. Digər kəndlərin marşrutları bu dayanacağa gəlirdi və burada hər zaman çoxlu insan olub. Bizi müşahidə edən polis əməkdaşının dediyinə görə, bu çinar ağacını Cəbrayılda tanımayan olmayıb. Lakin həmin ağac kəsilib və yerində kol-kos bitib.
Dostluq bulağına aparan yolu həyəcan və qürur hissi ilə addımladıq. Yüksəkliyə qalxdıqca bütün bu xarabalıqların, dağıntıların Cəbrayılın gözəlliyi qarşısında aciz qaldığını hiss edirdik. “Dostluq bulağı” isə heç şübhəsiz, dostlarının, doğmalarının yolunu gözləyirdi.
Hər kəsin “Dostluq bulağı” kimi tanıdığı bulağın yanındayıq. Bulağın yanında vaxtilə bir şəlalə olub. Əldə etdiyimiz məlumata görə, ermənilər tərəfindən şəlalənin suyu müxtəlif üsullarla fərqli istiqamətə aparılıb və şəlalə quruyub. Lakin “Dostluq bulağı”ndan bir neçə xətdən su gəlir və istifadə etmək mümkündür.
“Dostluq bulağı”nda su içdikdən sonra vaxt itirmədən Cəbrayıl sakinlərinin yaxşı tanıdığı Qara Daşa doğru yollanırıq. İlk baxışdan adi daş parçasına bənzəsə də, rayon sakinləri üçün mənəvi dəyərinin böyük olduğunu burada öyrənirik.
Cəbrayıl rayonu dini ziyarətgahların sayca çoxluq təşkil etdiyi rayonlardan biridir. Rayonda adları ilə məşhurluq qazanan bir neçə ziyarətgah var. Həmçinin şəhərin mərkəzində Cəbrayıl sakinlərinin Qara Daş kimi tanıdıqları bir daş var. Adi çay daşından olduğu üçün ermənilər bu daşın mahiyyətini anlamayıblar və o səbəbdən Qara Daş olduğu kimi qalır. Bu daşın yanına vaxtilə gələn insanlar ürəklərində hər hansı bir dilək tutaraq daşın üzərinə nəzir qoyurdular. İnanırıq ki, rayon tam bərpa edildikdən sonra Cəbrayıl sakinləri yenə bu Qara Daşın yanına gələrək dilək tutub, nəzirlərini qoyacaqlar. Bizdə APA TV-nin çəkiliş qrupu olaraq 27 ildən sonra ilk dəfə öz nəzirimizi bu Qara Daşın üzərinə qoyuruq.
Uca Yaradan bu müqəddəs torpaqlara qayıtmaq üçün edilən bütün duaları, kəsilən qurbanları cavabsız qoymadı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qüdrətli ordumuzun gücü sayəsində ayaq basdığımız bu torpaqları yenidən qurub yaratmaq və çiçəkləndirmək diləyi ilə...
Xələf Xələfov
Faiq Həsənov