APA TV "Zəfərin izi ilə" ecazkar Xudavəng monastırında – REPORTAJ

APA TV-nin çəkiliş qrupu Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsi çərçivəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik.

 

Tərtərçayın qırağı ilə uzanan yol bizi Xudavəng monastırının yerləşdiyi Vəng kəndinə aparır. Dörd saatlıq həyəcanlı səfərdən sonra nəhayət, Vəng kəndinə çatırıq. Uzaqdan Xudavəng monastırının xaçları, qırmızı kirəmitdən damları, qədim divarları görünür. Maşınımız körpüdə dayanır. Monastıra qalxan yolun üstündə Azərbaycan hərbçilərinin postu qurulub. Bu postu keçmədən Xudavəng monastırına getməyə heç kəsin icazəsi yoxdur. Postu rahatlıqla keçib hardasa 200 metr qalxandan sonra maşınımız monastırın qabağında dayanır.

 

Xudavəng monastırı rus sülhməramlılarının nəzarəti altında olduğu üçün gəlişimizin məramını bildirib monastırın həyətinə ayaq basırıq. Monastırın girişindəki postda və ərazinin perimetri boyu rus sülhməramlılar xidmət aparırlar.

 

Zəng qülləsinin qarşısından keçib Böyük Həsən kilsəsinin önündə dayanmışıq.

 

Bir azdan bizimlə gələn Udi icmasının və Gəncə şəhərində yerləşən Rus-Pravoslav kilsəsinin nümayəndələri kilsədə şam yandıracaq, dualar oxuyacaqlar. Ayindən sonra isə kilsənin qarşısındakı meydançada Milad bayramı münasibətilə süfrə açılacaq, Udi mətbəxinin ləziz yeməkləri süfrəni bəzəyəcək, gələnlər bu nemətlərdən dadacaqlar.

 

Xudavəng və ya Dadivəng monastırı Murovdağ və Qarabağ silsilələrinin yaxınlaşdığı yerdə formalaşan dağlıq vadidə, yüksək təpəlik üzərində yerləşir. Ərazi olduqca cazibədar təbiətə malikdir. Monastırın arxitekturası landşaftla həmahənglik təşkil edir.

 

Xudavəng və ya Dadivəng adlanan monastır kompleksinin adındakı “Xuda” kəlməsi farscadan tərcümədə “Tanrı” deməkdir. “Dadi” isə Azərbaycan türkcəsində mövcud olan “dədə” sözünün süryanicə tələffüzüdür. Monastır kompleksinin adının ikinci hissəsindəki “vəng” kəlməsinin digər prototipi “vənd”dir. Türkcə kəlmə olan “vənd” torpaq mənasını verir. Qarabağda bu cür toponimlərə çox rast gəlmək mümkündür. Məsələn, Qaravənd, Yağlavənd və s. Monastır kompleksinin adına diqqət edərsək, “Xudavəng” və ya “Xudavənd”, yəni “Tanrının torpağı” ifadəsinin yer aldığını görərik. Eləcə də “Dədəvəng” və ya “Dədəvənd” isə “dədənin torpağı” kimi ifadə oluna bilər.

 

Azərbaycanın ən böyük monastır kompleksi olan Xudavəng kompleksinə yeddi bölmə daxildir. Burada Arzu Xatun məbədi ilə yanaşı, sonradan əlavə olunmuş Müqəddəs Qriqoris Məbədi və Həsən Cəlal kilsəsi də olduqca əhəmiyyətlidir.

 

Həsən Cəlal kilsəsi monastır həyətinin cənub tərəfində yerləşir. Mərkəzi günbəzli struktura malikdir. Kilsənin günbəz və barabanının hörgüsündə bişmiş qırmızı kərpiclərdən, divarlarının hörgüsündə kobud yonulmuş daşlardan istifadə olunub.

 

Tikilinin tinlərindəki yeni hörgü izləri burada təmir işlərinin aparılmasından xəbər verir. O cümlədən divarlarına nizamsız şəkildə hörülmüş xaçdaşları da məbədin memarlığında ermənilərin öz izlərini qoymaq cəhdi kimi qiymətləndirmək olar.

 

Həsən Cəlal kilsəsinin şimal tərəfində isə düzbucaqlı formasında üç tərəfi bağlı, cənub tərəfi isə enli arkalardan ibarət zal, başqa adıyla narteks yerləşir. Narteks kilsələrin girişində inşa edilən tikililərə verilən addır.

 

Narteksin şərq tərəfi Arzu Xatun kilsəsinə, qərb tərəfi isə Zəng qülləsinə bitişikdir. Narteksin divarlarında müxtəlif ölçülərdə oyuqlar var. İstər divarlarda, istərsə də sütunlarda yeni suvaq izlərinə rast gəlmək mümkündür.

 

Narteksin şərq tərəfində ona bitişik, kompleksin başkilsəsi sayılan Arzu Xatun kilsəsi yerləşir. Məbəd 1214-cü ildə knyaginya Arzu Xatunun sifarişi ilə əri Vaxtanq və oğullarının xatirəsini əbədiləşdirmək üçün tikilib. Kilsənin divarları boyanmayıb, öz təbii rəngindədirlər. Ermənilər kilsəni təhvil verərkən Zəng qülləsinin zəngi və kilsəyə məxsus müxtəlif artefaktlarla yanaşı, 13-cü əsrdən qalma freskaları da qazıyıb aparıblar.

 

Arzu Xatun kilsəsindən çıxıb narteksdə kiçik bazilikaya açılan qapıdan keçirik. Qədim bazilikanın qərb tərəfinə Yepiskop Qriqor kilsəsi birləşir. Şərq tərəfi isə qövsvari altar şəklindədir. Təxminən bir metr hündürlükdəki altarın üstündə xaçdaş ucalır. Altında isə zirzəmiyə bənzəyən yer və barmaqlıqlı balaca dəmir qapı var. Belə aydın olur ki, dayandığımız yer kompleksin ən qədim tikilisi hesab edilən bazilika olmaqla yanaşı, həm də mərkəzi sayıla bilər. Çünki burada Qafqaza xristianlığı gətirmiş Dadinin məzarı yerləşir.

 

Rəvayətə görə, Həvari Faddey xristianlığı təbliğ etmək məqsədilə Qafqaz Albaniyasına Dadi adlı şagirdini yollayır. Lakin o, Qarabağda əzablı ölümlə öldürülür. Xudavəng monastırı da məhz onun məzarı üzərində salınıb. Ermənilər isə iddia edir ki, 2007-ci ildə monastırın ərazisində arxeoloji qazıntılar zamanı bu məzar tapılıb və hazırkı şəkildə mühafizə olunur.

 

 

Bayaqdan bu qədim alban məbədinin cazibəsi bizi öz sehrində saxlasa da, geri dönəcəyimiz sərt yolları xatırlayıb reallığa qayıdırıq.

 

 

Artıq getmək vaxtıdır. Aşağıda, Azərbaycan postunda bir qədər dayanıb əsgərlərimizlə xudahafizləşirik. Sonra isə Tərtərçayın müqəddəs sularından öpüb yola düzəlirik...

Müəllif | Apa.Tv
Apa.tv