APA TV “Zəfərin izi ilə” Füzulidə - I REPORTAJ
44 gün davam edən Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyevin sərrast idarəçiliyi, şanlı ordumuzun xüsusi iradəsi və dəmir yumruğu sayəsində qələbəmizlə başa çatdı. 27 ildir yolumuzu gözləyən doğma Qarabağımız özünün əsl sahiblərinə, doğma övladlarına qovuşdu.
APA Televiziyasının çəkiliş qrupu olaraq işğaldan azad olunan rayonlarımıza yollanan ilk xəbər müjdəçilərindən biri də biz olduq. Bu dəfə isə yolumuz “Zəfərin izi ilə” Füzuli rayonunadır.
Füzuli rayon sakinlərinin “Dədəlinin dairəsi” kimi tanıdıqları yerdəyik. Buranı Füzuli şəhərinin giriş hissəsi də hesab etmək olar.
Füzuli rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunub və Qaryagin adlandırılıb. 1959-cu ilin aprel ayında böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə dəyişdirilərək Füzuli adı verilib. 1968-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində rayon mərkəzindən 15 km aralıda, Azıx mağarası adlandırılan ərazidən Azıxantrop adamın alt çənə sümüyü tapılıb. Bu isə onu deməyə əsas verir ki, Füzuli rayonu ərazisində ilk insanlar paleolit dövründən yaşayıb. Bundan əlavə, rayon ərazisində Babı türbəsi, Şah Abbas karvansarası, Qoçəhmədli məscidi, Hhacı Ələkbər məscidi və digər qədim tarixi tikililər olub. Hələ 1913-1914-cü illərdə Füzuli rayonunda teatr fəaliyyətə başlayıb. 1989-cu ildə Füzuli Dövlət Dram Teatrı yaradılıb.
İşğala qədər rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri olub. Füzuli rayonu 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğala məruz qalıb. 1994-cü ildə ordumuzun əks hücumu nəticəsində rayonun 30 min hektar ərazisi, 21 kənd və ən əsası, xüsusi strateji önəm daşıyan Horadiz qəsəbəsi işğaldan azad edilib. Füzuli rayonu və digər ətraf ərazilər isə 27 il boyunca erməni işğalı altında qalıb. Evlər dağıdılıb, tarixi-mədəni abidələr yerlə bir edilib. Min hektarlarla ərazilər son ağacına, son daşına qədər talanıb.
Qarşımıza çıxan binaların hər biri dağıdılmış vəziyyətdədir. Yalnız erməni əsgərləri üçün tikilən istehkamlardan başqa hansısa tikiliyə rast gələ bilmədik.
Ermənilərin Qafqaza ayaq basdıqları vaxtdan işğalçı, dağıdıcı, soyqırıma meylli toplum olduqların bilirdik. Füzuli rayonuna səfərimiz zamanı da fərqli bir mənzərə ilə qarşılaşacağımızı xəyal etməmişdik. Bir neçə dağıdılmış, viran edilmiş kəndi geridə qoyub Füzuli şəhərinə daxil olarkən isə gördüklərimizin düşündüklərimizdən bir neçə dəfə daha dəhşətli olduğunun şahidi olduq. Bir zamanlar teatr, mədəniyyət, təhsil mərkəzi olan Füzuli şəhəri indi insana boy verən şeytan ağaclarından, iynə işləməz qaratikan kollarından, qurd-quş məskəninə çevrilmiş cəngəlliklərdən ibarətdir. Nə dövlət binaları, nə fərdi yaşayış binaları, nə də məktəb və xəstəxanalar qalmayıb. Otuz ilə yaxın dövr ərzində erməni vandalları rayonun bütün infrastrukturunu iflic vəziyyətə salıb.
Füzuli şəhərinin mərkəzi küçəsindəyik. Arxamızda gördüyünüz binanı tam dəqiqləşdirə bilməsək də, tarix diyarşünaslıq muzeyinə oxşayır. Təəssüf hissi ilə deyə bilərik ki, Füzuli şəhərinin bütün binaları dağıdılıb. Binaların dağılmasından əlavə, şəhər mərkəzində kolluq, meşəlik əmələ gəlib. Bu səbəbdən küçələrin ünvanını müəyyənləşdirmək olmur. Yalnız şəhəri öncədən görən insanlar küçələri təyin edə bilər. Burada qarşılaşdığımız mənzərələr dünyanın heç bir ordusunun, dağıdıcı gücünün gördüyü işlərlə müqayisə edilməyəcək dərəcədədir.
Şəhər xarabalıqlarının arasında bir zaman qayğısız, problemsiz günlər yaşayan, çal-çağırlı, toy-bayramlı olan küçələri gəzmək içimizdən gəldi. Lakin burada da mina təhlükəsi olduğunu nəzərə alaraq yalnız bir küçə ilə yolumuza davam etdik. Bizdən daha səbirsiz davranaraq komandadan ayrılıb xeyli irəli gedən APA İnformasiya Agentliyinin əməkdaşı Mirmehdi Ağaoğlu kol basmış beton qalıqları arasında dahi şairimiz Məhəmməd Füzulinin dağıdılmış heykəlini tapdı: “Orda yazılarda da var idi ki, Füzuli şəhərində, parkın, DTK-nın binasının yanında Füzulinin heykəli olub. Açığı, mən Füzulidən deyiləm və buralara ilk dəfədir gəlirəm. Düşünürəm, hətta burada doğulanlar da gəlib buranı tanımazdılar. Görürsünüz ki, cəngəllikdir. Sadəcə, mən mərkəzdən düşdüm, dedim, baxım görüm. Ərazidə tikili olmadığı üçün düşündüm park olar. Sonra heykəli gördüm, bələdçinin də iştirakı ilə baxdıq. Gördüyünüz kimi, heykəl aşırılıb. Bu ayaq hissəsidir. Təəssüf ki, baş hissəsi yoxdur. Lakin qalan hissələr bizdə olan şəkillə tam üst-üstə düşür”.
Tarix üzrə elmlər doktoru Qasım Hacıyevin sözlərinə görə, Ermənistan Dağlıq Qarabağ bölgəsində Azərbaycana aid maddi-mədəni irsi məhv etməyi qarşısına məqsəd qoyub: “Təəssüflər olsun ki, işğal zamanı ermənilər bu ərazilərdə olan tarixi abidələri vandalcasına dağıtdılar. Azərbaycana abidələr ölkəsi deməyimiz yerinə düşər. Çünki Azərbaycanın Qarabağ bölgəsində elə bir yer yoxdur ki, orada maraqlı abidələr olmasın. Qədim yaşayış məskənləri çox olduğu üçün burada arxeoloji abidələr çoxdur. Abidələrin tarixinə nəzər salanda Qarabağın nəinki Azərbaycan bütün SSRİ-də ən qədim yaşayış məskənlərindən olduğu görünür. Azərbaycanlılara məxsus türk mənşəli abidələri dağıtdılar, qoç heykəllərini, daş heykəllərini dağıdıb yer üzündən sildilər. Qədim albanlara məxsus xristian abidələrinin üzərinə xaç çəkməklə onun görkəmini, təyinatını, xarakterini dəyişdilər. Bunu həm Ağoğlan məbədində, həm Amaras məbədində, eyni zamanda Xudavəng kilsəsində elədilər”.
“Zəfərin izi ilə” layihəsinin yolçuları olaraq xarabalıqlara çevrilmiş Füzuli şəhərindən, qəzəlin şahı sayılan Məhəmməd Füzulinin cəngəlliklər arasında dağıdılmış heykəlindən çarəsizcəsinə, lakin böyük ümidlərlə ayrılırıq. Çünki əminik ki, çox tezliklə Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunmuş digər bölgələrimiz kimi, Füzuli şəhəri də öz əvvəlki gözəlliyinə, füsunkarlığına qovuşacaq.
Xələf Xələfov
Faiq Həsənov
Musa Qulammirzəyev