APA TV "Zəfərin izi ilə" Kəlbəcərdə - REPORTAJ

APA TV-nin çəkiliş qrupu Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsi çərçivəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik.

 

Göygöl rayonunun Toğana kəndindəyik. “Kəlbəcər - 80 km” yazılmış  nişanının önündə dayanmışıq. Təxmin etdiyiniz kimi, yolumuz "Zəfərin izi ilə" Kəlbəcərədir. Xudavəng və ya Dadivəng monastırını - qədim Alban məbəd kompleksini ziyarət etməyə gedirik. Yolumuz isə adı çəkiləndə namını bilənlərin damarında qanı donan, təhlükəli və eyni zamanda Azərbaycanın ən strateji nöqtələrindən sayılan Murovdağ silsiləsindən olacaq. Məşhur Ömər aşırımını keçib Kəlbəcərə düşəcəyik.

 

Müdafiə Nazirliyinin təşkil etdiyi səfərdə jurnalist həmkarlarımızla yanaşı, bizi Qəbələ rayonu Nic qəsəbəsinin Udi və Gəncə şəhərinin Rus pravoslav icmalarının nümayəndələri də müşayiət edəcəklər.

 

Bəxtimizdən hava gözəldir. Dünən hava proqnozunda Kəlbəcərdə bu gün yağmursuz, günəşli havanın olacağı, temperaturun 5 dərəcəyə yüksələcəyi deyilmişdi. Dağların döşündə, yolların qırağında arabir ekskavatorlar, yoltəmizləyən traktorlar gözümüzə dəyir.

 

Yolumuzun üstündə Azərbaycan əsgərlərinin postları var. Onları keçib gedirik. Səfər yoldaşlarımızdan kimsə deyir ki, bu yollar birtərəflidir, iki maşın qabaq-qabağa gəldisə, yol verməyə yer yoxdur, odur ki, postlar bir-biri ilə xəbərləşir, aşağıdan bir maşın qalxanda yuxarıdakı maşın gözləyir və əksinə.

 

Maşınımız sonuncu yoxuşu da geridə qoyur. Bura artıq Ömər aşırımıdır. Bir qədər fasilə verib təzədən yola çıxacağıq.

 

Bura sanki yerlə göyün birləşdiyi yerdir. Hava bu dağların zirvəsində -  3395.5 metr hündürlükdə də sakitdir; nə çovğun var, nə qar, nə yağış, nə duman. Ayaqlarımızın altında başdan-başa qarla örtülü silsilə dağlardır, başımızın üstündə açıq mavi səma. Əlini qaldırsan, göy qübbəsinə toxunasısan. Aşırımın bəri üzü Göygöl, qarşı dağlar isə Kəlbəcər...

 

Bu zirvə bizim üçün coğrafi anlamdan ziyadə tarixi əhəmiyyət daşıyır. Xalqımızın yaddaşına qanlı, amansız əhvalatlarla qazılıb. Qarabağ müharibəsi başlayandan bu strateji ərazi uğrunda minlərlə itkimiz olub. Bunlardan ən qanlısı isə 1994-cü ilin yanvar-fevral ayları ərzində həyata keçirilən “Murovdağ əməliyyatı”dır. Həmin döyüşlərdə Azərbaycan Ordusu minlərlə şəhid verib. Sonrakı illərdə də dəfələrlə burada təhlükə ilə üzləşən, qar uçqununun altında qalıb həlak olan əsgərlərimiz olub. Bu dağların soyuq qoynunda neçə-neçə şəhidimizin narahat ruhu dolaşır.

 

Vətən Müharibəsinin ilk günlərindən də Ömər aşırımında qanlı döyüşlər gedib. Qalın qar örtüyü döyüşlərin çoxunun izini gizləsə də, keçmiş erməni postunun üstündəki partlayış, yanıq izlərindən də bunu aydın şəkildə görmək mümkündür.

 

Hazırda Ömər aşırımı Azərbaycan ordusunun nəzarətindədir, burada komendant postu qurulub. Əsgərlərimiz burada öz vəzifələrini mətanətlə yerinə yetirirlər.

 

Maşından düşən kimi bizə dərhal xəbərdarlıq edilir: Yoldan kənara çıxmayın, ərazi minalıdır. Aşırımı keçib Kəlbəcərə adlayandan sonra bu cür xəbərdarlıqları tez-tez eşidəcəyik. Ümumiyyətlə, ermənilər 10 noyabr müqaviləsindən sonra əraziləri tərk edərkən əksər yerləri minalayıblar.

 

Fasilə bitir və biz səfərimizə davam edirik. Burdan sonra yolumuz yalnız enişlidir.

 

Kəlbəcərin özünə qədər qarşımıza tez-tez keçmiş erməni postları, erməni səngərləri çıxır. Bu postlarda indi Azərbaycan əsgərləri xidmət göstərirlər.

 

Kəlbəcərin özünəməxsus təbiəti var. Burda dağlar daha sərt, daha sıldırımlı, daha kəskindir. Qayaların arasında çılpaq ağaclarla yanaşı, kol kimi həmişəyaşıl ağaclara da rast gəlinir.

 

Dağların güneylərində əriyən qarlar tez-tez qabağımıza çıxan kiçik dağ çaylarına axır. Kiçik dağ çayları isə aşağı çatmaqda bizimlə yarışır, aşağılara doğru birləşib daha da gurlayırlar və axırda Tərtərçayla qovuşurlar.

 

Ömər aşırımını aşıb Kəlbəcər dağlarının sərt keçidlərini də geridə qoyandan sonra yol daha genişdir, tez-tez ordumuzun hərbi yük maşınları ilə qarşılaşırıq.

 

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb, Azərbaycanın ən yüksək dağ rayonudur. Ərazinin çox hissəsi meşəlikdir. Faydalı qazıntılarla, o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yerləşir.

 

Kəlbəcər ən qədim insan məskənlərindən biri sayılır. Burada 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Rayon ərazisindəki daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

 

Kəlbəcər 1993-cü aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 10-da imzalanan sülh müqaviləsinə əsasən, noyabrın 25-də erməni silahlı birləşmələri Kəlbəcər rayonunu boşaldaraq, Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib.

 

Maşınımız təpənin üstündə dayanır. Aşağıda dərənin içi ilə çay axır, çayın o üzü yenə dağlar. Çayın bəri üzündəki yamac boyu yalnız çay daşından tikilmə dağılmış evlər görünür.

 

Çayın adı Yanşaqdır. Elə kəndin adı da. Əhalisi mənşəcə Qazax mahalından gəlmədir, deyirlər. “Yanşaq” “aşıq” mənasını verir. Səhnəbanu ilə qovuşa bilməyən Aşıq Ələsgər 40 yaşında məhz bu kənddən evlənmişdi. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində digər göyçəlilər kimi, öz yurdunu tərk etməyə məcbur qalan ustad aşıq bir neçə il bu kənddə qonaq olmuşdu. Bəlkə də indi quruca daşını gördüyümüz bu tar-mar yurd yerlərindən birində yaşayıbmış Dədə Ələsgər. Nə bilək?

 

1993-cü ildə ermənilər tərəfindən işğal edilən kənd 1994-cü ilin fevral ayında Azərbaycan Silahlı Qüvvələrinin əlinə keçsə də, sonradan yenidən itirilib. Evlərdən xeyli aralı əyri-üyrü dəmir-dümürlər atılmış, dağılmış yer görürük. Burada ermənilərin 535-ci əlahiddə alayı yerləşibmiş. Kəlbəcəri təhvil verəndə hərbi hissəni partladaraq bu hala salıblar.

 

Arabir qarşımıza yanmış, damı, qapısı, pəncərəsi, həyət-bacası dağıdılmış evlər çıxır. Tərtərçayın üzərində qurulmuş əksər stansiyaların infrastrukturu sıradan çıxarılıb. Ermənilər Kəlbəcəri təhvil verərkən apara bildiklərini aparıb, apara bilmədiklərini isə yandırıb, dağıdıblar.

 

Axır ki, maşınımız asfalt yola çıxır. Yol demişkən... Hələ Vətən Müharibəsi başlamamışdan qabaq ermənilərin yaydığı məşhur Kəlbəcər videosu vardı;  sıldırım, başı göylərə dəyən dağların, qayaların arasından keçib gedən yol. O video baxanların çoxunun ürəyini ağrıtmışdı ki, gör bu gözəl yerlər kimlərdədir.

 

İndi maşınımız məhz həmin yoldan keçib gedir. O videonu görəndə bu yerləri arzulamışdıq. Ağlımıza da gəlməzdi ki, 3-4 ay sonra həmin yerlərdən keçib gedəcəyik. Möcüzə daha necə olmalıdır ki?

"Zəfərin izi ilə" növbəti reportajımız Xudavəng monastırından olacaq. Bizi izləyin!

Müəllif | Apa.Tv
Apa.tv