APA TV “Zəfərin izi ilə” məşhur Tuğ kəndində - REPORTAJ

Bu dəfə yolumuz Xocavənd rayonunun Tuğ kəndinədir.

 

APA TV olaraq “Zəfərin izi ilə” yola çıxmışıq.

 

Yol boyu uzanan dağılmış evlər, ermənilər tərəfindən viran qoyulmuş kəndlər sanki bizə bələdçilik edərək Tuğ kəndinin yolunu göstərir. Erməni vandallarının yaratdığı bu ürəkağrıdan mənzərə insanı 30 il əvvələ aparır.

 

Erməni vəhşiliyinin yaratdığı bu bədbin mənzərənin fonunda gələcəyə ümidlə baxmağımıza səbəb olan görüntülərlə də qarşılaşdıq. İki saatdan sonra Horadiz şəhərinin mərkəzindən Xocavənd rayonunun Tuğ kəndinə gəlib çatdıq. O kəndə ki, Xocavənd şəhərinin özündən əvvəl işğal olunub:

 

Hazırda Xocavənd rayonunun Tuğ kəndindəyik. Bu kənd 1991-ci ilin 30 oktyabrında erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. 30 ilə yaxın düşmən tapdağında qalan Tuğ kəndi 2020-ci ilin 9 noyabrında müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

 

Kiçik Qafqaz sıra dağlarının qoynunda sanki bir cənnəti xatırladan Tuğun əsas özəlliklərindən biri də onun Azərbaycan və dünya tarixi üçün xüsusi əhəmiyyətə malik Azıx və Tağlar mağaralarının bir neçə kilometrliyində yerləşməsidir. Tuğ kəndinə yaxın ərazilərdə paleolit dövrünə aid ibtidai insan məskənlərinin mövcudluğu Tuğun qədimliyinin sübutudur. Tuğ toponiminə V-XIII əsrlərdəki tarixi mənbələrdə rast gəlinir.

 

Tuğ toponiminin mənası fərqli formalarda izah olunur. Bir sıra tədqiqatçılar hesab edir ki, Tuğ etnotoponim olub öz mənşəyini türkdilli qıpçaq tayfalarından birinin adından götürüb. Digər bir qisim isə bu sözün mənasını türk dillərində istifadə olunan “tuq” - yəni bayraq sözü ilə əlaqələndirir. Qədimdə tuğ adlanan bayraqlardan döyüşlər zamanı istifadə edərdilər.

 

İşğalda qaldığı illərdə Tuğ kəndində azərbaycanlılara məxsus tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, bütövlükdə xalqımıza məxsus maddi-mədəni irs demək olar ki, ermənilər tərəfindən tamamilə məhv edilib. Kənddə yerləşən və 1000 ildən artıq yaşı olan alban məbədləri isə ermənilər tərəfindən mənimsənilib.

 

Bir zamanlar Tuğda mədəniyyət mərkəzi, musiqi məktəbi, şərab zavodu, məktəblər, teatr dərnəkləri fəaliyyət göstərirdi. Amma mənfur düşmənin separatçılıq əməlləri nəticəsində işğal olunan Tuğda bütün bunlardan əsər-əlamət qalmayıb.

 

Tuğ kəndi XIX əsrin sonlarında, XX əsrin əvvəllərində Azərbaycanda geniş vüsət almış maarifçilik hərəkatının əsas mərkəzlərindən biri idi. Təsadüfi deyil ki, Tuğ kəndində o dövrlər üçün müasir hesab edilən rus-Avropa tipli məktəb fəaliyyət göstərirdi. Bu məktəb 1883-cü ildə Qarabağın sayılıb seçilən şəxslərindən olar Sadıq bəy və Mehdi bəy Məlikaslanovların şəxslərin vəsaiti hesabına inşa olunub. Bu məktəbin məzunlarının Azərbaycanda maarifçiliyin inkişafında misilsiz xidmətləri olub.

 

Artıq Tuğda qaş qaralır. Qələbəmizin əsas memarı olan və erməni terrorçularını Tuğdan, bütövlükdə Qarabağdan çıxaran Azərbaycan əsgəri qaranlıq düşməsinə baxmayaq, hər an əli tətikdədir və doğma Vətən torpağını qorumaqdan qürur duyur.

 

Bundan sonra Tuğ sakinləri azad olunmuş ata-baba ocaqlarına qayıda biləcəklər. Azadlığın mübarək, Vətən!

 

Həmidağa Məcidov,

Əli Ələkbər,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv