APA TV “Zəfərin izi ilə” Xudafərində - REPORTAJ
Xudafərin... Azərbaycanın həsrət və bütövlük simvolu...
Hər dəfə o körpülərə baxanda bu taydakılar o tayı, o taydakılar bu tayı deyib ağlayıb. Azərbaycanlı o körpülərdə xalqın ağrısını, əzabını görüb. Əsrlər boyu parçalana-parçalana kiçilmiş ölkənin Araz boyda yarası üzərində məlhəm olub Xudafərin.
Arazın o tayı ilə bu tayını birləşdirən, əsrlər əvvəl hərbi və ticarət məqsədilə tikilən Xudafərin körpüləri son 200 ildə bizim üçün tarixi abidədən ziyadə mənəvi bir missiya daşıyıcısına çevrilib.
Arazın ikiyə ayırdığı xalqın – qardaş-bacıların, ata-oğulların könüllərini birləşdirən mənəvi tel olub Xudafərin.
Xalqımızın çəkdiyi ağrıların, yaşadığı məhrumiyyətlərin simvolu olub Xudafərin.
APA TV-nin çəkiliş qrupu “Zəfərin izi ilə” layihəsi çərçivəsində Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi Xudafərin körpüsündə də olub.
Araz gəlir daşınnan,
Suyu qalxır başınnan.
Əzəli dumduruydu,
Bulandı göz yaşınnan.
Tarixin min bir tufanını, fırtınasını görən, neçə-neçə hökmdarların, sərdarların, padşahların istilalarına şahidlik edən Xudafərin körpüsü son 27 ildə yeni bir yük də öz çiyinlərinə götürmüşdü. Yeni bir dərd də asılıb qalmışdı boynundan - Qarabağ dərdi.
Son 27 ildə hər dəfə Xudafərin deyəndə təkcə o tayı - güneyimizi xatırlamırdıq, həm də Qarabağı xatırlayırdıq, işğal altındakı torpaqları düşünürdük. Yeri gələndə düşmən əlində girova çevrilmiş bu tarixi abidənin də halına acıyırdıq.
Nəhayət, 27 illik nisgilimiz, sarsıntımız da bitdi. 27 illik dərd, azar çıxdı canımızdan. Rəşadətli ordumuz Xudafərinə Azərbaycan bayrağını sancdı.
27 il öncə Cəbrayıl rayonu ermənilər tərəfindən işğal edildikdən sonra Azərbaycan insanının Araz dərdi, Xudafərin həsrəti başladı. 27 il ərzində heç bir azərbaycanlı öz sərhədlərindən gələrək Xudafərin körpüsünü görə bilmirdi. 44 günlük müharibə isə Bizim Qarabağ, Laçın, Şuşa həsrətimizə son qoyduğu kimi, Xudafərin həsrətini də bir dəfəlik sonlandırdı. Bu gün Xudafərin körpüsünün yanında, Araz çayı sahilində üçrəngli bayrağımız dalğalanır.
Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə işğaldan azad edilmiş torpaqlara başlanan silsilə səfərlərinin əvvəlində Xudafərini ziyarət etdi. Körpünün üstündə Azərbaycan bayrağını qaldırdı, Arazın narahat sularında yuyundu, Qarabağ müjdəsi ilə salamladı Xan Arazı, gözaydınlığı verdi Xudafərinə.
1027-ci ildə Şəddadi hökmdarı Fəzil İbn Məhəmməd tərəfindən Rəvvadilərə qarşı mübarizə aparmaq üçün Araz çayı üzərindən salınmışdı Xudafərin körpüsü. Bu adda 2 körpü olduğu bizə hal-hazırda məlumdur. Gördüyümüz Xudafərin körpüsü bir qədər dağılsa da, hazırda qalır, digər körpü isə dağılıb və cəmi 2 hissəsinin mövcud olduğu deyilir. Xudafərin körpüsü Azərbaycan memarlığının nümunələrini özündə yetərincə əks etdirir.
Xudafərin körpülərinin memarlıq üslubu Türk-Oğuz memarlığına olduqca yaxındır. Körpülərin aşırımlarının özülü təbii özül, yəni qayalıq üzərində qurulub. Bu da körpülərin indiyə qədər dayanıqlı qalmasına səbəb olub. Körpülərin inşası zamanı yumurta sarısından istifadə olunması haqqında söyləntilər də mövcuddur. Orta əsr memarlığında bu üsulda istifadə olması hallarına rast gəlinir. Körpülər bişmiş kərpic və çay daşlarından istifadə olunaraq inşa olunublar.
“Xudafərin körpüsünün əsas tarixi əhəmiyyəti ondan ibarətdir ki, körpü Azərbaycanın təxminən ortasından keçən bir çayın üzərində idi - Araz çayının. Araz çayı daşarkən geniş əraziləri əhatə edirdi və çox ciddi çətinliklər yaradırdı. Bu səbəbdən körpülərə geniş ehtiyac yaranırdı. Bir neçə yerdən körpülər var idi, lakin zəif olduqları üçün dağıldı. Xudafərin körpüsünün tağlarının möhkəmliyi onun bu günə qədər qalmasına səbəb olub”.
Bu yerlərdə körpülərin qonşuluğunda bir Xudafərin kəndi də vardı. Qatarlar yanından düz keçib Naxçıvana gedərdi. Qarabağın işğal olunmuş bütün şəhərləri, qəsəbələri, kəndləri kimi, indi o kənd də darmadağın edilib. Evləri yıxılıb, bağları-bağçaları məhv edilib, bulaqları qurudulub.
Ancaq şükürlər olsun ki, daha Arazın suları bu düzlərdən-dağlardan keçəndə düşmən əsgərlərini görüb qəzəbdən bulanmayacaq, əl edib salamlayacaq bizim əsgərləri. Gümüşü suları daha gur axacaq, sahillərini bəzəyən qamışlar nəğmələrini daha şən oxuyacaq, quşları sevincdən daha gen açacaq qanadlarını. Qısa zaman kəsiyində Cəbrayıl şəhərindən Xudafərinə uzanacaq yeni, müasir avtomobil yolunu, şütüyən avtomobilləri, Araz sahilində dəstə-dəstə topalanan Azərbaycan insanlarını düşündükcə, sevincimizin həddi-hüdudu olmur. Bu torpağın hər qarışı, bu suyun hər damlası üçün canlarını fəda edən şəhidlərimizə sonsuz rəhmət diləyirik.
Xələf Xələfov
Faiq Həsənov
Musa Qulammirzəyev