Aprel döyüşlərindən sağ çıxdı, yaralı halda xəstəxanada qalmadı, alnından vuruldu - REPORTAJ
Baharda dünyaya göz açmışdı, amma ömrünün 25-ci baharını görmək qisməti olmadı. 24-cü payızı həyatının son fəsli oldu...
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Şamil Xançoban oğlu Əliyev 20 mart 1996-cı ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində doğulub. Ailədə özündən başqa bir qardaş və bir bacısı olub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb.
Anası Sədaqət Əliyeva deyir ki, Şamil baş kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində iştirak edib. “Şamil kimi oğlu olan ana bəxtəvərdir. O, çox qayğıkeş, mehriban idi. Həmişə biz sirlərimizi bölürdük. Beş ildir xidmət edirdi, hamı ondan çox razı idi. Hara gedirdi, fəxri fərman gəlirdi. O qədər özün istədirdi ki. Düzdür, üç uşağım var, amma Şamil bir başqa idi. Aldığım nəfəs idi”.
Bibisi Gülbuta Əliyeva qeyd edir ki, qardaşı oğlu 44 günlük Vətən Müharibəsində də düşmənin qorxduğu igid Azərbaycan oğullarından biri olub: “Bu adam posta gedəndə ermənilər bu adamı adı ilə çağırırmışlar ki, qalxsın, vursunlar. Ermənilər hamısı Şamili tanıyırdı, dildə belə çağırırdılar. Videolarında var nə cür girib erməni postlarına, nə cür döyüşüb”.
Nənəsi Süsənbər Namazovanın sözlərinə görə, Şamil Vətən Müharibəsində yaralanıb xəstəxanaya yerləşdirilsə də, müalicəsinə yarımçıq qoyaraq yenidən döyüşlərə qatılıb: “O, yaralananda Şirvan xəstəxanasında yatdı. Həkim deyib ki, 15 gün yatmalısan. Amma Şamil özü ərizə yazıb, qol çəkib qoyub ki, mənim heç nəyim yoxdur. Anası işləyir, bir gün baxdım ki, gəlib. Dedim, ay bala, bəs sən yaralanmısan, xəstəxanada olmalısan. Mənə dedi, nənə, yaşlanmısan, ağlın azalıb, millətin balası qabaqda döyüşür. Mən də gedib Şuşaya bayraq sancacam”.
Cəbhənin Füzuli istiqamətində düşmən mövqelərinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Füzuli rayonunun işğal altında olan kəndlərinin azad olması uğrunda son damla qanınadək döyüşüb.
Qardaşı Kamil Əliyevin dediyinə görə, əsgər Şamil Əliyevin son döyüşü oktyabrın 16-da olub. Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib: “Yaralanmışdı, beş dənə qəlpə yarası var idi. Biri də ürəyinə 3 mm qalmışdı. Şamili apardılar hospitala, heç iki gün qalmadı ki, yoldaşlarım döyüşdədir. Qayıtdı, girdilər döyüşə, getdilər qabağa. Qabaqda erməni döyüşə-döyüşə gedirdi. Bunu vurdular ayağından, jqutla sarıyıb yenə də döyüşürdü. Böyründən vuruldu, yenə də ayağa qalxmaq istəyəndə alnından vurdular, elə oradaca şəhid oldu”.
Şəhid Şamil Əliyev doğulduğu kənddə dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Habil Aslanoğlu
Ziya İsmayılov