Aptekdə psixotrop dərmanlar satan şəxslər yaxalandı - MİNGƏÇEVİRDƏ
Aptekdə yüksək təsiredici xassəyə malik psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Mingəçevir şəhərində yerləşən “Sübhan” aptekində psixotrop tərkibli dərmanların satılması barədə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində həmin aptek nəzarətə götürülüb və qeyd edilən obyektdə psixotrop tərkibli dərmanlarının satışının həyata keçirildiyi təsdiqini tapıb. Əməliyyat zamanı aptekdə satıcı işləyən Mingəçevir şəhər sakini Rəşad Abduləzimov və aptekin sahibi Ağdam sakini Samir Məmmədov saxlanılıblar.
DİN-in əməkdaşı Ağgül Həmdizadə bildirib ki, baxış zamanı aptekdə “Fenobarbital”, “Relanium”, “Diazepeks”, “Actopentin”, “Sirentin” və sair dərman preparatları aşkar olunaraq götürülüb. Aptekin satıcısı Rəşad Abduləzimov ifadəsində aptekin sahibi Samir Məmmədovun tapşırığı ilə psixotrop dərman preparatlarının satışını apardığını və gündəlik hesabatları ona təqdim etdiyini bildirib. Aptekin sahibi Samir Məmmədov da qanunla tələb olunan xüsusi lisenziya olmadan psixotrop dərman preparatlarının aptekdə onun tapşırığı ilə satışının aparıldığını ifadəsində təsdiq edib.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.