Aptekdə psixotrop tərkibli dərmanlar satan əczaçılar yaxalandı
Bakıda psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan əczaçılar saxlanılıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində əczaçı işləyən Abşeron rayon sakini Mahir Salmanov və Bakı şəhər sakini Vüsalə Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən yaxalanıblar.
Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.