“Aqroservis” ASC fermerlərə hansı xidmətləri göstərəcək?

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı Fərmanla “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb. Fərmana əsasən “Aqrolizinq” ASC-nin lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri bundan sonra Aqrar kredit və İnkişaf Agentliyinə keçir.

 

APA TV xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun sözlərinə görə, fərman fermerlərin kənd təsərrüfatı istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması, onlara göstərilən aqro xidmətlərin səmərəliliyinin artırılması və bu prosesdə sistemliliyin təmin olunmasına hesablanıb: “Aqroservis” ASC-i bundan sonra fermerlərə kənd təsərrüfatı texnikası ilə təminat, aqrokimyəvi maddələr, sertifikatlı toxum və ting, o cümlədən texnoloji avadanlıq və suvarma dəstləri, onların avadanlıq ilə təminatını həyata keçirəcək bir  hüquqi şəxs olacaq. “Aqrolizinq” ASC-nin indiyə qədər həyata keçirdiyi əsas funksiyalardan biri, kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, damazlıq heyvanlar, suvarma dəstləri və onların avadanlığını lizinq yolu ilə satışını həyata keçirirdi“.

 

Vüqar Hüseynovun sözlərinə görə, imzalanmış fərman fermerlərə göstərilən aqro xidmətlərin keyfiyyətini daha da yaxşılaşdıracaq, bu xidmətləri fermerlər üçün daha da əlçatan edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv