Arayik Sumqayıt məhkəməsində dindirilməkdən qorxur
İyulun 25-i Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin üçtərəfli görüşü baş tutub. Rusiya xarici işlər naziri Sergey Lavrov Kremlin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasında hər cür kömək etməyə hazır olduğunu deyib. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, nəticələr danışıqlar prosesinin dinamikasından bir qədər aşağıdır, lakin müsbət məqamlar var. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da İrəvanla Bakı arasında danışıqların fəal getdiyini qeyd edib. Onun fikrincə həllini gözləyən məsələlər qalıb. Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin rəhbəri Qriqori Karasin isə deyib ki, üçtərəfli görüş sülh istiqamətində mühüm etapdır. Rusiya Xarici İşlər Nazirliyini sözçüsü Mariya Zaxarova brifinqdə qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasını asan proses deyil, amma sülhə alternativ yoxdur. Amma sülhə əngəl törətmək istəyən bəzi avropalılar ATƏT-in ölmüş Minsk qrupunu diriltmək istəyir. Siyasi ekspertlərin fikrincə, Avropanın fransızlaşmaqda olan təsisatları ATƏT-in Minsk qrupunun bərpasını gündəmə gətirmək istəsə də, son siyasi hadisələr belə xam xəyalların üzərindən xətt çəkir. Yəni Cənubi Qafqazı nüfuz mühasirəsində saxlamağa çalışan dünya gücləri Bakının cızdığı çərçivədən kənara çıxa bilmirlər. Qarabağdakı separatçılar da taleləri ilə barışıblar. Təsdiq kimi Arayik Arutyunyanın Xankəndidə başlatdığı oturaq aksiyaya son verməsini göstərmək olar. Bəlkə də Arayikə yan-yörəsindəkilər çox oturmağı məsləhət görməyiblər ki, birdən o da “Qafqaz əsiri” filminin məhkəmə epizodunda Saaxov kimi ayaq üstə qalmalı olar. Hazırda quldur erməni silahlı dəstələrinin “artsax” adlandırdığı ərazilər Qarabağ iqtisadi rayonuna aiddir və ermənilər bunu istədi-istəmədi Xankəndi də Azərbaycan qanunvericiliyinə keçəçək. Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşı olacaq, dramı manata dəyişəcəklər. Heç rubl da onların dadına çatmayacaq. Bütün bu həqiqətləri Artutyunyanın özü də bilir, başqa yolun olmadığını başa düşür. Amma Arayikin Baydenin afçarkası kimi ara-sıra aqresivlik etməsi anlaşılmır. Bəlkə də Arayiki “fatı dur, fatı otur” rejiminə salan Qarabağın qızıl və üzümü ilə qurulan qanunsuz biznes və qazanclarından məhrum olmaq qorxusudur. Ya da özündən əvvəlki Bako Saakyanın da əvəzinə onu Sumqayıt məhkəməsində gözləyən dindirilmələrdən narahatdır. Bakı isə rahatdır. Çünki bütün siyasi gedişlər zamanı beynəlxalq normalar nəzərə alınıb. Belə olan halda İrəvan-Xankəndi anormallıqları yersizdir. Bunu Entoni Blinken kimi, Cozef Borel, Şarl Mişel, Toyvo Klaar, Serqey Lavrov da çox yaxşı bilir. Daha doğrusu, sülh danışıqlarında vasitəçilik edənlər və buna çalışanlar Azərbaycanın yaratdığı geosiyasi reallıqları qəbul ediblər.