“Araz” marketdə vaxtı keçmiş mallar satılır?

Son vaxtlar bəzi market və super-marketlərdə vaxtı keçmiş ərzaq məhsullarının satılması barədə şikayətlər artmaqdadır. Bu günlərdə sosial şəbəkələrdə “Araz” supermarketlər şəbəkəsinin Şamil Əzizbəyov küçəsində yerləşən filialında vaxtı keçmiş qida məhsulunun satılması ilə bağlı video paylaşılıb. Bakupost.az-ın məlumatına görə, videonu paylaşan vətəndaş iddia edir ki, aldığı məhsulun istehlak tarixi keçib və üzərinə saxta yolla son istifadə tarixi əlavə edilib. Məhsulun üzərində onun istifadə müddətinin bu ilin may ayına kimi olduğu göstərilib. Lakin araşdırmalar zamanı bəlli olub ki, məhsulun üzərinə bu məlumat sonradan yapışdırılıb.

Məsələ ilə bağlı “Araz” supermarketlər şəbəkəsinin mövqeyini öyrənmək istəsək də, şəbəkənin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Arzu Əliyeva bildirdi ki, məsələ ilə bağlı 2 gün ərzində açıqlama veriləcək.

Mövzu ilə bağlı fikrini öyrəndiyimiz Azad İstehlakçılar Birliyinin sədri  Eyyub Hüseynov deyir ki, market və super-marketlərdə vaxtı keçmiş məhsul satıldığı halda alıcı 1003 qaynar xəttinə bu barədə məlumat verməlidir, bu halda satış müəssisəsi 1500 manat cərimə oluna bilər.

Eyyub Hüseynovun sözlərinə görə, bu cür hallara nəzarət üçün xüsusi proqram var, həmin proqramla marketə gətirilən mallar qeydiyyata alınır və müddət bitdikdə müvafiq quruma bununla bağlı bildiriş gedir.

O AQTA-ya bu proqramdan yararlanmağı məsləhət görüb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də müraciət etdik. Qurum bildirdi ki, məlumatla bağlı araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Müəllif | Apa.Tv
Apa.tv