Arazın suyu həm azalıb, həm bulanıb - APA TV addım-addım Arazın izi ilə

Araz gəlir daşınnan,

Suyu qalxır başınnan.

Əzəli dumduruydu,

Bulandı göz yaşınnan.

Bəli! Bir zamanlar dupduru, sərin suyundan içməyə doymadığımız Arazın suyu həm azalıb, həm  bulanıb.  

Kürdəki son vəziyyətdən sonra Arzada monitorinq aparmaq qərarına gəldik və çəkilişlərimizə İmişlinin Bəhrəmtəpə qəsəbəsindən həmin ərazidəki Araz çayının üzərində qurulan hidroqovşaqdan start verdik.

 Araz çayında suyun səviyyəsinin azalmasında təbii amillərlə yanaşı insan faktorunun da təsirləri var. Apardığımız müşahidələr bunu deməyə əsas verir. Araz çayının İmişli və Saatlı rayonları ərazilərindən keçən hissəsində qanunsuz qum karxanaları fəaliyyət göstərir.

İmişlinin Bəhrəmtəpə qəsəbəsindən başlayaraq, Şəmmədli, Bəcrəvan və digər kəndlərində, eləcə də Saatlının Musalı kəndi ərazisində onlarla belə qum karxanaları mövcuddur. Bu karxanalar çayın məcrasını dəyişməklə, çay yatağını dərinləşdirməklə, gölməçələr yaratmaqla çayın mənzil başına çatmasına imkan vermir. Eyni zamanda çayda ekoloji tarazlığı pozmaqla sututarı çirklənməyə məruz qoyurlar.

Arazın Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı ilə birləşib Xəzərə töküldüyü yerdə isə mənzərə daha ürək ağrıdandır. Əvvəllər Arazın Kürə töküldüyü bu yerdə indi Kür Araza tökülür.

Yaranmış vəziyyətlə əlaqədar Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət etdik. Aldığımız cavab isə belə oldu:

“Araz çayının yatağında 1949-cu ildən Bəhrəmtəpə 1, 1978-ci ildən İmişli, 1978-ci ildən Bəhərmtəpə 2   qum-çınqıl yataqları fəaliyyət göstərir. Aparılan monitorinqlər nəticəsində sözü gedən ekoloji tarazlığın pozulduğu sahələrdə normativ qaydalara riayət etməyən yer təki istifadəçiləri barədə müvafiq hüquqi tədbrlər görülüb. Qanun pozucuların isə istismar fəaliyyəti məhdudlaşdırılıb. Hazırda həmin ərazilərə agentlik və icra orqanları tərəfindən nəzarət edilir.”

Agentlik rəsmisi onu da əlavə etdi ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması səbəbindən Araz çayının məcrasının dəyişməsi nəticəsində yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, minerallaşma dərəcəsi isə dəyişib:  

“Karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlib, çayın müasir məcrasından kənarda isə göllər və axmazlar yaranıb. Agentlik tərəfindən növbəti monitorinqlərin və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur”, deyə o əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv