Arılar yeşikdən çıxa bilmir - Xalis bal qəhətə çıxıb
Bu il Qəbələdə bir çox arıçılıq təsərrüfatında fermerlər arılardan az məhsul götürüb. Yaz aylarından yayın əvvəlinə qədər hava şəraitinin soyuq və yağıntılı keçməsi arıçılığa mənfi təsir göstərib. Yağıntılı hava şəraitinə görə arıların nektar toplaması gecikib. Qəbələ sakini Kamran Bayramov 35 ildən çoxdur arıçılıqla məşğuldur. Deyir təkcə onun deyil, tanıdığı arıçıların da təsərrüfatında vəziyyət ürəkaçan deyil. Pətəklərini yaz dövründə çiçəkli məkanlara aparsa da, arılar intensiv yağışlar üzündən bal yığa bilməyib. Arıçı bildirir ki, məhsul ötən illərə nisbətdə az olsa da arıların qışdan çıxa biləcək qədər neqtar toplamış olmasını sevinmək üçün səbəb hesab etmək olar. Hazırda rayon üzrə arıçıların ümumi sayı 600 nəfərdən artıqdır. Ümumilikdə isə rayonda 10567 arı ailəsi var. Qeyd edək ki, hazırda arı südünün 100 q min manat, çiçək tozunun bir kq-ı 250-300 manat, propolisin bir kq-ı 300 manat, mumun bir kq-ı 100 manat, şanı balın(buna kötüklü bal da deyilir) bir kq-ı isə 50-60 manata təklif edilir.
İlham Məmmədov, Əli Xudiyev, APA TV