Arıqlamaq istəyənlərin ölümcül səhvləri – Mütəxəssislər vacib məqamları açıqladı
Bəzən arıqlamaq istəyənlər mümkün vasitələrə əl atır, artıq çəkidən azad olmağın yollarını axtarır, qidanı azaldır, müxtəlif pəhrizlərə üstünlük verirlər. Bununla yanaşı estetik prosedurlara müraciət edənlər də az deyil. Tibb elmləri doktoru, professor Vaqif Qələndərov deyir ki, insanlarda yaş ötdükcə və maddələr mübadiləsi yavaşladıqca çəki itirmək çətinləşir. Buna görə də daima hərəkətdə olmaq lazımdır. Vaqif Qələndərov bildirir ki, artıq çəkidən əziyyət çəkən insanlar hər hansı cərrahi müdaxilə etməzdən əvvəl təbii yollarla bu çəkini atmağa çalışmalıdırlar. Professor onu da qeyd edir ki, pasientlər liposaksiya əməliyyatı olmaq istəsələr belə, əməliyyat mütəxəssislər tərəfindən aparılmalı və mütləq prosesə ciddi nəzarət olunmalıdır. Əks halda pasientin səhhətində ciddi həyati təhlükə yarana bilər. Dietoloq Sevinc Həsənzadə deyir ki, bir insanın bir ay müddətində öz çəkisinin 15-20 faizini itirməsi ciddi problemlərə səbəb ola bilər. Buna görə də vətəndaşlar sosial şəbəkələrdə yayılmış və sehrli nəticələr vəd edən arıqlama cihazlarının reklamlarına inanmamalıdırlar. Dietoloq həmçinin bildirir ki, insanlar arıqlamaq üçün həyat tərzinə və ehtiyaclara uyğun fərdiləşdirilmiş plan qurmalıdırlar. Unutmayaq ki, sağlamlığımız hər şeydən önəmlidir. Bu səbəbdən də özünüzün, sağlamlığınızın qeydinə qalın.
LƏMAN SALEHOVA
KAMRAN NAMAZOV