Arpa oğurlamağa gəldi, maşını da apardı - XIZIDA POLİS ƏMƏLİYYATI
Xızıda bir neçə gün əvvəl vətəndaşın 1 ton arpasını və avtomobilini oğurlayan şəxs yaxalanıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, polisin Şuraabad qəsəbə sakini Tükəzban Mirzəyevanın şikayəti əsasında keçirdiyi əməliyyat nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Sərxan Mirzəyev şübhəli şəxs qismində saxlanılıb: “Bilirdim ki, qonşunun həyətində taxıl var. Ehtiyac oldu, girdim həyətdən götürüb, aparıb qonşuya satdım. Maşın da var idi , sürməyə götürdüm yolda polis saxladı. Üstümə baxış keçirilən zaman narkotik çıxdı. İstifadə edənəm. Əməlimə görə də peşmanam, bundan öncə də 2006-cı ildə oğurluq etmişəm”.
Tutulan şəxs arpanın saxlanıldığı qarajın qapısındakı qıfılı açar seçmək yolu ilə açıb. Polis oğurluq arpanın yerini müəyyən edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.