Arvadını, qaynını və qayınanasını güllələdi, sonra da özünü vurdu – MASALLIDA DƏHŞƏT
Masallıda ər arvadını, qaynını və qayınanasını güllələyib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Sarvan Azayxan oğlu Ağayev ov tüfəngi ilə 1999-cu il təvəllüdlü həyat yoldaşı Alimə Əli qızı Nəbiyevaya, 1995-ci il təvəllüdlü qaynı Miralim Əli oğlu Nəbiyevə və 1977-ci il təvəllüdlü qayınanası Zemfira Ələsgər qızı Nəbiyeva ov tüfəngi ilə atəş açıb. O, daha sonra odlu silahla özünə xəsarət yetirib. Nəticədə həyat yoldaşı və qaynı aldıqları xəsarətdən hadisə yerində ölüblər. S.Ağayev özü ağız boşluğundan güllə yarası alıb. O, yaraladığı qayınanası ilə birgə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Yaxınlarının sözlərinə görə, Sarvan Ağayev Alimə Nəbiyevanı ondan boşanacağı təqdirdə, öldürəcəyi ilə bağlı dəfələrlə təhdid edib. Bir müddət əvvəl Alimə Nəbiyeva boşanmaqla bağlı məhkəməyə müraciət edib. Dünən isə tərəflər cehiz əşyalarını aparmaq üçün razılığa gəliblər. Gəlinin ailə üzvləri bu gün evdən əşyaları çıxaran zaman qanlı hadisə baş verib.
Qeyd edək ki, ailənin 2 azyaşlı övladı var və Sarvan Ağayev əvvəllər məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırma aparılır.