Arvadını və 8 aylıq körpəsini öldürən Fərid zərgər imiş - Qətlin təfərrüatları
İyunun 20-si saat 18 radələrində Abşeron rayonu Qobu qəsəbəsində qətl hadisəsi baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq qızı Aylin Hüseynliyə bıçaqla bir neçə zərbə endirib. Daha sonra özünə də əlindəki bıçaqla xəsarətlər yetirib. Leyla hadisə yerində keçinib. 8 aylıq Aylin isə xəstəxanaya aparılarkın yolda dünyasını dəyişib. Hazırda xəstəxanada olan Fəridin vəziyyəti həkimlər tərəfindən kafi qiymətləndirilir.
Qonşulari iddia edir ki, sakittəbiətli olan Fərid hadisəni spirtli içkinin təsiri altında törədibmiş.
Elə Leyla da olduqca tərbiyəli, sakit və mehriban xanım imiş. Yeni evlənən cütlük Fəridin atası Qüvvət Hüseynov, anası Sevər Hüseynova ilə birgə yaşayırmış. Həmin evdə paralel olaraq Fəridin dayısı və ailəsi də yaşayır. Fəridgil 10 ildir ki, adıçəkilən qəsəbəyə köçüblər. Kameramıza danışmaq istəməyən Fəridin dayısının arvadı qətlə yetirilən Leyladan ağızdolusu danışdı
Qeyd edək ki , Leyla ailənin yeganə qız övladı olub.Özündən başqa iki qardaşı varmış. O, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin III kurs tələbəsi imiş. Bakı Dövlət Universitetindən aldığımız məlumata görə intizamlı və fəal tələbə kimi tanınan Leylanın yüksək akademik göstəriciləri olub.
Fərid Nəsimi rayonunda zərgər kimi fəaliyət göstərirmiş. Özündən böyük qardaşı Türkiyədə yaşayır. Bacısı isə ailəlidir.
Onu da deyək ki, Leyla və həyat yoldaşı Fərid əslən Masallının Xıl kəndindəndirlər. Qətlə yetirilən Leyla və 8 aylıq körpəsi Aylin Hüseynlinin cənazəsi Masallı rayonunda torpağa tapşırılıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.İbtidai istintaq davam etdirilir.
AYTƏN SAKİTQIZI
XƏYAL İSKƏNDƏROV
APA TV