16:55 23 iyun 2022 163
Ana səhifə Xəbərlər

Arvadını və qayınanasını öldürdü, qaçanda maşın, sonra avtobus vurdu - APA TV

Bakıda arvadını və qayınanasını qətlə yetirib daha sonra meyitlərini yandırmaqda təqsirləndirilən Vaqif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Vaqif Hüseynovun bibisi olan qayınanası, bibisinin qızı olan arvadını nə üstündə öldürdüyü ictimaiyyətə qaranlıq qalıb.

 

APA TV Lent.az-a istinadən həmin cinayət işi üzrə bütün məqamları öyrənib.

 

Belə ki, 51 yaşlı Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı və qayınanası 85 yaşlı Luiza İsmayılovanı bıçaqlayıb.

 

Hər iki şəxs hadisə yerində ölüb. Qətli törədən Vaqif Hüseynov meyitlərin üzərinə neft tökərək onları yandırıb.

 

Özü isə hadisə yerindən qaçarkən “Azadlıq prospekti” metrostansiyası ətrafında onu sərnişin avtobusu vurub və xəstəxanaya yerləşdirilib.

 

İstintaqda danışan Vaqif Hüseynov bildirib ki, bibisi qızı Təranə ilə evləndikdən sonra kirayə mənzildə yaşayıb:

 

“Kirayə yaşadığımız müddət ərzində Təranə ilə aramızda narazılıq olmayıb. İki aydan sonra Təranənin anası, bibim Luizanın vəziyyəti ağırlaşdı. Bu səbəbdən Təranə anasına baxmağa getdi. Artıq Təranə ora köçdü. Mən də bu səbəbdən onların evinin yaxınlığında özümə mənzil kirayələdim. Təranə axşama qədər anasıgildə olurdu, sonra mən işdən qayıdanda evə gəlirdi. Orda qaldığımız müddətdə bibim də, bibimin oğlu Ramildə bütün işləri Təranənin üstünə qoymuşdular. Özlərinin görməli olan işləri də Təranə edirdi. Bu səbəbdən aramızda mübahisələr düşürdü. Bibimə də bu barədə iradımı bildirmişdim. Həmin ərəfələrdə biz kirayədən çıxıb bibimin evinə köçmüşdük. Günlərin bir günü bibim mən qaldığım otağa gəldi. Mən bibimə Təranənin bütün gün onun yanında qalmasından narazı olduğumu bildirdim. Luiza bu sözümdən əsəbiləşdi və Təranəni mənim yanıma qoymayacağını bildirdi”.

 

Təqsirləndirilən şəxs qeyd edib ki, bu hadisələrdən sonra o həmin evdən çıxaraq kirayədə qalıb.

 

“Ayrı evə çıxdığım gündən Təranə ilə demək olar ki, hər gün telefonla danışırdım. Həftədə 2-3 dəfə də görüşürdük. Lakin bibim bizi bir yaşamağa qoymurdu”.

 

Bir müddət sonra Təranə ilə görüşdüyünü deyən Vaqif Hüseynov bu zaman yoldaşının onunla münasibəti bitirmək istədiyini deyib.

 

“Onun bu söhbətindən sonra mənə xəyanət etdiyini düşünməyə başladım. Bir neçə gün bu beynimdə fırlandı. Bir gün Təranənin ev telefonuna zəng elədim. O, telefonu götürdü, lakin danışa bilmədiyini dedi. Danışıq zamanı səslərdən Təranənin cinsi əlaqədə olduğunu başa düşdüm və sonra tanımadığım şəxs telefonu götürdü. O adam telefonda dedi ki, sənin əvəzinə arvadınla yatıram, cinsi əlaqədə oluram. Mən telefondan onu söyüb buladım və tələb etdim ki, telefonu Təranəyə versin. Təranə telefonu götürərək, ünsiyyətimizin qurtardığını, özünün isə nə istəsə, onu da edəcəyini bildirdi. Təranənin yaşadığı evdə kabelsiz ev telefonu olduğundan onun yaxınlıqda kiminləsə görüşdüyünü fikirləşdim. Təranə ilə danışığım zəngi telefonumda qeyd elədim. Bütün gecə yatmayaraq səs yazısına qulaq asdım. Təranənin hərəkətlərini vicdanıma sığışdıra bilmirdim. Yenidən ona zəng elədim. Bu cür hərəkəti niyə etdiyini soruşdum. O, mənə yaxşı elədiyini dedi. Həmin gün işdən çıxıb evə gəldim. Təranənin cinsi əlaqədə olmasının səs qeydinə təxminən 40 dəfə qulaq asdım. Həmin gündən fikrimdə Təranəni necə öldürəcəyimi fikirləşdim. Çünki onun xəyanət etməsini özümə sığışdıra bilmədim. Bundan başqa ailəmin dağıdılmasının səbəb olan Luizanın kəlbətinlə dilini çıxarıb kəsmək istədim ki, o, bir daha danışa bilməsin”.

 

Təqsirləndirilən şəxs hadisə günündən danışıb. Deyib ki, həmin gün spirtli içki qəbul edib:

 

“Evdə oturub tək araq içdim. Hansı yolla Təranəni öldürə biləcəyimi planlaşdırdım. Bundan başqa Luizanın da dilini kəlbətinlə kəsməyə vaxtımın olmayacağını başa düşdüm. Bu səbəbdən hər ikisini öldürmək qərarına gəldim. Evdən çıxıb avtobusla Binəqədiyə gəldim. Yolda hər ikisini benzinlə yandırmaq fikrinə düşdüm. Ona görə yolda marketə girib 5 litrlik su aldım. Onun içini boşaldaraq yanacaqdoldurma məntəqəsinə getdim. Orada işləyənə benzinimin bitdiyini deyərək boş qaba 2 manatlıq benzin aldım. Daha sonra piyada Rəsulzadə qəsəbəsində yerləşən bazara getdim və ev əşyaları satılan mağazadan 2 manata dəstəyi qara rəngli olan bıçaq aldım. Yolda Təranənin bacısı Lamiyəyə zəng elədim. Lamiyəyə bacısının başqa adamla cinsi əlaqə olan zaman səsini yazdığımı dedim. O da “əgər elədirsə, ondan əl çək” dedi. Bundan sonra Luizaya zəng etdim. O, telefonu açan kimi atamın  qəbrinə söyərək niyə zəng etdiyimi soruşdu. Heç nə demədim. Onların evi istiqamətində getdim. Evə girən kimi stolda oturan Luizanı gördüm. Ona yaxınlaşan zaman mənim dədəmi yenə söydü. Luizaya “sənə demişdim ki, imkan ver barışaq, indi al, kimə söyürsən” deyərək benzini üzərinə səpdim və qabı otaqda olan stolun yanında yerə tulladım. Bundan sonra Luiza qışqıraraq “bu evi yandırmaq istəyir” dedi. Bu zaman kimsə məni arxadan vurdu. Bundan sonra Luiza çarpayının qarşısında olan masanın altına yıxıldı. Luiza iməkləyərək masanın altından keçib məni vurmağa başladı. Bu zaman sağ arxa cibimdə olan bıçağı çıxarıb onu bıçaqla vurdum. Luiza qaçmaq istəyəndə palaz tərəfdən alışqanı yandırıb atdım. Bir də baxdım ki, Luiza yanmağa başlayır və qışqırır. Həmin vaxt Təranə qaçaraq anasını söndürməyə cəhd etdi. O da alışmağa başladı. Təranəyə “ay fahişə sənə dedim ki, mənə xəyanət etmə, al gəldi” deyərək sağ əlimdə olan bıçaqla bir neçə dəfə də ona zərbə endirdim. Mən də həyət qapısından çıxıb yamacdan aşağı tullandım. Üzü aşağı olduğu üçün müvazinətimi itirdim və yuvarlanaraq avtomobil yoluna yıxıldım. Yola yıxılan zaman ağ rəngli sedan tipli avtomobil məni vurdu. Bundan sonra ayağa qalxaraq avtomobil yolu ilə “Hollywood” şadlıq sarayı istiqamətində hərəkət etdim və yolu keçmək istəyərkən sərnişin avtobusu məni vurdu. Bundan sonra huşumu itirdim. Gözümü açanda artıq xəstəxanada idim”.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vaqif Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın