Arzu Rəhimov: “Cəbhəyə könüllü getmək üçün müraciət edənlər arasında qızlar da var”
“Bizə müraciət edən vətəndaşların hamısı bu gün Dövlət Xidmətində qeydiyyatdadır. Hər bir vətəndaş düşünməlidir ki, icazəsiz evi tərk edirsə, idarə və bölmələrin qarşısında toplaşıb kimlərisə yoluxdurursa, insan özü buna qiymət verməlidir. Bu gün kimisə yoluxdurmaq bizə, dövlətimizə lazım deyil”.
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
Arzu Rəhimov deyib ki, hərbi hissələrdən daxil olan hər bir sifariş yüksək səviyyədə icra olunacaq: “Hər bir vətəndaşın borcu Vətən qarşısında xidmət etməkdir. Hazırda iyul çağırışını həyata keçiririk. Bu gün hər bir çağırışçı Dövlət Xidmətinin şöbələrinə daxil olarkən maska ilə təmin olunur, hərarəti ölçülür. Şəxsi heyət daşınan bütün avtobuslar dezinfeksiya olunub. Hər bir çağırışçı ilkin tədbirlər keçdikdən sonra hərbi hissələrə yola salınır. Hərbi hissələrdən qayıdan şəxslər isə TƏBİB tərəfindən müavinə olunur, testdən keçirilir. Xəstəlik aşkarlanan şəxslər xəstəxanaya yerləşdirilir”.
Bu gün kütləvi şəkildə tədbirlərə qatılmağın qanun pozuntusu olduğunu deyən Arzu Rəhimov əhaliyə bir daha xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına ilə koronavirus təhlükəsinə görə 5 nəfərdən artıq toplaşmaq qadağandır.
Xidmət rəisi insanların vətənpərvərlik duyğusunu anlayışla qarşıladığını deyib. Arzu Rəhimov cəbhəyə könüllü getmək üçün müraciət edən və qeydiyyata alınanlar arasında qızların da olduğunu bildirib.
İlahə Vəliyeva
Əli Ələkbər