ASA xəbərdarlıq etdi: CƏRİMƏ OLUNA BİLƏRSİNİZ!
Azərbaycan Sığortaçılar Assosiasiyası daşınmaz əmlakın icbari sığortası ilə bağlı ölkə vətəndaşlarına və sahibkarlıq subyektlərinə xəbərdarlıq edib.
APA TV-nin verdiyi məlumata görə, xəbərdarlıqda bildirilir ki, daşınmaz əmlakın icbari sığortası növü üzrə şəhadətnamələrin qüvvədə olma müddəti 1 ildir və ötən ilin bu vaxtlarında müvafiq növ üzrə əldə edilmiş şəhadətnamələrin müddəti bitmək üzrədir:
Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayevin sözlərinə görə, daşınmaz əmlakın icbari sığortası Azərbaycan Respublikasının “İcbari sığortalar haqqında” Qanunu ilə tənzimlənir və ölkəmizin əmlak sahibi olan hər bir fərdi üçün məcburi xarakter daşıyır: “Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq ölkəmizdə əmlak sahibi olan vətəndaşlara və sahibkarlıq subyektlərinə adı çəkilən növ üzrə şəhadətnamələrini yeniləməli olduqlarını xatırladırıq. Xəbərdarlıq edirik ki, əks təqdirdə onlar müəyyən cərimə və məhdudiyyətlərlə üzləşə bilərlər”.
Assosiasiyanın icraçı direktoru Elmar Mirsalayev deyir ki, İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulub: “Bu cərimələr də fiziki şəxslər üçün 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün isə 200 manatdır. Bundan əlavə, daşınmaz əmlakını icbari qaydada sığorta etdirməyən vətəndaş və sahibkarlar digər müəyyən məhdudiyyətlərlə də üzləşə bilərlər. Bu məhdudiyyətlər əsasən ev-əmlak alqı-satqısı və ya girov əməliyyatları zamanı ortaya çıxa bilər”.
İcraçı direktor xəbərdarlıq açıqlamasında daşınmaz əmlakın icbari sığortası ilə bağlı tarif və təminatlara da toxunub. Onun sözlərinə görə, adıçəkilən növ üzrə sığorta tarifləri və təminatlar bölgələrə və obyektin təyinatına görə dəyişir: “Yaşayış təyinatlı daşınmaz əmlaklar üçün Bakı şəhəri üzrə sığorta tarifi 50 manat, sığorta təminatı 25 min manata qədər, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə sığorta tarifi 40 manat, sığorta təminatı 20 min manata qədər, respublikanın digər rayon və şəhərləri üzrə isə sığorta tarifi 30 manat, sığorta təminatı 15 min manata qədərdir”.
Qeyd edək ki, yaşayış evləri və mənzillər istisna olmaqla digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri həmin əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğinə uyğun olaraq müəyyən edilir. Eyni zamanda bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti də nəzərə alınır.
Mir Çingiz Ağazadə,
Xəyal İskəndərov,
APA TV