“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkün olacaq

Ölkəmizdə koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri nəzərə alınaraq bir sıra fəaliyyət növlərinin davam etdirilməsində məhdudiyyətlər tətbiq olunub. Bu zaman fəaliyyətinə icazə verilmiş bəzi sahələr üzrə icazələrin aktivləşdirilməsi məqsədilə vergi ödəyiciləri tərəfindən www.icaze.e-gov.az saytına daxil olma vasitələrindən biri olan “Asan İmza” sertifikatlarının əldə olunmasına zərurət yaranır.

 

APA TV-nin xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Məmməd Quliyev bildirib ki, cari ilin oktyabr ayının sonunadək “Asan İmza” sertifikatının vaxtı başa çatmaqda olan sahibkarlar vergi ödəyicilərinə xidmət mərkəzləri və ya “Asan xidmət” mərkəzlərinə gəlməli, növbələrdə gözləməli və bir çox prosedurları yazılı şəkildə həyata keçirməli olurdular. Bu məsələ koronavirus pandemiyası ilə mübarizənin gücləndiyi və insanlar arasında təmasların minimallaşdırılmağa göstərilən səylər çərçivəsində son bir neçə ayda daha kəskin şəkildə ortaya çıxmışdı.

 

Eyni zamanda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilir. Son günlərdə müraciətlərin artması və növbələrin əldə edilməsində yaranan sıxlıq elektron xidmətdən istifadəni zəruri edir.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinin nəzərinə çatdırır ki, bu proses (ilk dəfə Asan İmza sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitənlər istisna olmaqla) vergi ödəyicilərinə xidmət mərkəzləri və ASAN xidmət mərkəzləri (ASXM) ilə yanaşı elektron qaydada da mümkündür.

 

Belə ki, vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

 

Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər.

 

Bununla yanaşı, bir müddət əvvəl “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı ”na əlavə və dəyişikliklər edilib, o cümlədən mobil operatordan əldə edilmiş “Asan İmza” mobil xidmətinə qoşulma formasının ASXM-ə təqdim edilməsi tələbi aradan qaldırılıb.

 

Vergi ödəyicilərinə Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlərdən yararlanmaq tövsiyə olunur. Bu həm vergi orqanlarının işi, həm də vergi ödəyicilərinin təhlükəsizliyi və rahatlığı üçün faydalıdır.

Müəllif | Apa.Tv
Apa.tv