ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib

Bu gün “Hökumətlər tərəfindən COVID 19-a qarşı görülən çevik tədbirlər” mövzusunda ASAN Qlobal Veb Forumun açılış sessiyası keçirilib.

APA TV-nin xəbərinə görə, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə reallaşdırılan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev xüsusi əhəmiyyət kəsb edən bu Forumun dünyanın müxtəlif yerlərindəki qərar qəbul edən şəxslərin təcrübələrini bölüşmələri üçün faydalı platforma olduğunu və COVID 19-la mübarizədə birgə səylərin vacibliyini vurğulayıb.

İSESKO-nun Baş direktoru Salim M. Al-Malik COVID19 pandemiyası ilə mübarizədə müasir informasiya texnologiyaları vasitəsilə əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın, mədəni dəyərlərin və təhsilin qorunmasının vacibliyini vurğulayıb.

BMT-nin İnkişaf Proqramının rəhbəri Akim Ştayner, Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) rəhbərinin müavini Luk Devigne, Astana Hub Dövlət Xidmətləri Mərkəzinin İdarəetmə Komitəsinin sədri Alixan Baymenov və Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) Baş Katibi Jan Pyer Elonq Mbassi Azərbaycan Hökumətinə pandemiyanın təxirəsalınmaz çətinliklərini həlli istiqamətində göstərdiyi səylərə və əhalinin həssas qrupları üçün sosial yardımları artıraraq effektiv cavab tədbirlərini həyata keçirdiyinə görə təşəkkür ediblər.

Natiqlər pandemiya şəraitində görülən tədbirlərin  sosial-iqtisadi və ictimai səhiyyə sahələrində  ortaya çıxan dəyişikliklərlə uzlaşmalı olduğunu qeyd ediblər. Həmçinin COVID-19-la mübarizədə qlobal  məsuliyyətin, ideya və həll yollarının paylaşılmasının vacibliyi vurğulanıb.

Müəllif | Apa.Tv
Apa.tv