Aprelin 27-dən "ASAN Xidmət" mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək

“Nazirlər Kabinetinin karantin rejiminin nisbətən yumşaldılması ilə bağlı  verdiyi qərarlardan biri də “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinin daha geniş şəkildə fəaliyyətinin təmin edilməsindən ibarətdir”.

 

APA TV-nin məlumatına görə, bunu “ASAN Xidmət” mərkəzlərinin geniş şəkildə fəaliyyətə başlaması ilə bağlı keçirilən mətbuat konfransında  Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

 

O qeyd edib ki,  müvafiq tarixdən etibarən 320-dən artıq xidmətlə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində vətəndaşların müraciətlərinə baxılacaq: “Sadəcə olaraq mərkəz daxilində insanların kütləvi toplaşmasının qarşısını almaq üçün vətəndaşlarımız qabaqcadan növbə götürməklə “ASAN Xidmət” mərkəzlərindən yararlana biləcəklər. Qabaqcadan növbə almaq üçün 3 imkan yaradılıb.  “ASAN Xidmət” mobil tətbiqi əməliyyat sistemi, www.asan.gov.az saytındakı “Onlayn növbə” funksional bölməsi vasitəsilə və 108 çağrı mərkəzinə zəng etməklə vətəndaşlar onlayn növbə əldə edə bilərlər”.

 

Agentliyin sədri onu da qeyd edib ki, “ASAN Xidmət” mərkəzlərindən istifadə limitli olacaq: “Vətəndaşlarımız “ASAN Xidmət”ə müraciət etmək üçün birinci onlayn növbə götürsün, sonra SMS icazəsini alsın. Yəni bu, vətəndaşın vaxtını idarə etməsi üçün daha rahat olacaq. Çünki “ASAN Xidmət”dən gün ərzində istifadə limitli olacaq. Bir mərkəz 1000 nəfərədək şəxsə xidmət edəcək. 1001-ci adam növbəti gün xidmət ala biləcək. Ona görə də ola bilər ki, vətəndaş SMS icazəsini alsın, amma “ASAN Xidmət”dən növbə ala bilməsin”.

 

Qeyd edək ki, sosial məsafənin saxlanılması nəzərə alınmaqla “ASAN Xidmət” mərkəzinin inzibati binasında eyni vaxtda 100 vətəndaşa xidmət göstəriləcək. Həmçinin “ASAN Xidmət” mərkəzlərində xidmət müddətinin uzanması halları baş verərsə, icazə müddəti bitən vətəndaşlar üçün arayışlar tərtib olunacaq: “İcazə müddəti 3 saatdır. Müxtəlif səbəblərdən “ASAN Xidmət”də xidmət müddəti uzana bilər. Bu zaman elə mobil tətbiqin özündə şəxsə avtomatik arayış tətbiq olunur əgər müddəti keçəcəksə”.

 

Vətəndaşlardan “ASAN Xidmət” mərkəzlərinə yalnız zəruri hallar yarandıqda, müraciət etmələri tövsiyə olunur. “ASAN Xidmət” mərkəzlərinə getmək icazəsi almaq üçün 2 yazıb 8103 nömrəsinə göndərilməlidir.

 

Müəllif | Apa.Tv
Apa.tv