Aşıq Qərib küçəsinin təhlükəli yaşıllığı – AĞACLARIN BUDANMASI NİYƏ YUBADILIR?
Aşıq Qərib küçəsi... İlk baxışdan bura cənnət-məkana oxşasa da, bu cənnətin böyük təhlükə mənbələri var. Bildiyimiz kimi, yaşıllıq həyat mənbəyidir, ancaq burdakı yaşıllıq özü bir təhlükədir. Hətta buradakı ağacların budağı böyüdüyündən bir çox maşının üzərinə aşıb. Hazırda da bir ağac var ki, onun da budağı çox təhlükəli vəziyyətdədir. Uşaqların oynadığı bir ərazidir və günü-gündən böyüyən ağaclar artıq hamını narahat etməyə başlayıb.
Paytaxtın Nərimanov rayonu, Aşıq Qərib küçəsi sanki meşəliyi xatırlatsa da burada yaşayan sakinlər bu durumdan narazıdır. Düzdür əvvəl bu məlum gözəllik mənbəyindən narazı qalan sakinləri anlamaq olmur. Amma onlarla bir neçə dəqiqəlik söhbətdən sonra problemin önəmini anlayasan.
Sakinlər deyir ki, dəfələrlə olub ki, küləkli havada bu ağacların budağı qırılaraq yerə düşüb. Hətta vətəndaşlara ziyan da dəyib. Ərazidə yaşayan Rasim Musayev deyir ki, uzun zamandır budanmayan bu ağaclar indi onların kabusuna çevrilib: “Bununla bağlı hətta qonşum Əhliman Məmmədovun adına ərizə də var. Qol çəkilib ki, gəlib, bu şikayəti həll edərik. Bizi aldatdılar ki, bu həftə gələrik, gələn həftə gələrik. Aprel ayından bu vaxta kimi gözləyə-gözləyə qalmışıq. Heç bir ağac budanmadı. Vəziyyət də indi o yerə çatıb ki, külək əsən kimi ağac ortadan bölünüb. Tam qəza vəziyyətindədir. Qaz, işıq, telefon xətlərinin hamısı onun altındadır. Gör, bu qırılsa, nə baş verər? Onlardan da əlavə, nə qədər uşaq burada oynayır”.
Sözügedən ərazidə yaşayan Əhliman Məmmədov deyir ki, dəfələrlə edilən müraciətlərinə cavab verən tapılmayıb: “Mart ayında budama ilə əlaqədar müraciət elədim. Mənə dedilər ki, ərizə olmalıdır. Departamentə ərizə yazdım. Onlar da məni qaynar xəttin rəisi Orxan müəllimə yönəltdi. Orxan müəllimə müraciət elədim, ərizə gəldi, çıxdı. Aprel ayında dedi ki, bu həftə gələcək, ancaq karantin dövrünə düşdü, gələ bilmədilər. Biz fikirləşdik ki, karantinə görə gəlmir, ancaq indi karantin də bir az seyrəlib, gələ də bilərdilər”.
Zaur Mustafayev isə danışdığımız təhlükənin qurbanı olub. Deyir bir neçə ay öncə ağaclardan birinin budağı qırılaraq onun avtomobilinin üzərinə düşüb: “Dəfələrlə müraciət etmişik. Müraciətlərimizə baxmayıblar. Gələn də olmayıb. Burada bir budaq vardı. Müraciət eləyib dedim özüm kəsim. Dedilər, “kəssəniz, cərimə yazacağıq”. Nə qədər gözlədik, ancaq gəlmədilər, axırda o budaq qırıldı – maşını burada saxlayıram – düz maşının üzərinə düşdü. Yaşıllaşdırma İdarəsinə müraciət də elədim ki, heç olmasa, gəlin, zərərin qarşılığını ödəyin. Dedilər, “yox, biz niyə ödəməliyik? Düzdür, şifahi müraciət eləmişdik. Ancaq bu ağacda artıq yazılı müraciət etmişik. Yenə də baxan yoxdur”.
Təhlükəli ərazilərdən biri də bax, buradır. Gördüyünüz kimi, elektrik naqilləri keçir buradan. Hansı ki, həmin naqil bütün bu məhəlləni enerji ilə təmin edir. Hər hansı küləkli bir havada bu elektrik naqillərinin qırılma təhlükəsi var. Dolayısıyla, bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
APA TV-nin müdaxiləsindən sonra uzun zamandır aidiyyəti qurum tərəfindən həlli yubadılan bu problem qısa bir zamanda aradan qaldırıldı.
Belə ki, özünü Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə rəisi kimi təqdim edən İlkin adlı şəxs bizimlə əlaqə saxlayıb əraziyə gəldiklərini bildirdi. Sakinlərlə qurum əməkdaşları arasındakı söhbət zamanı məlum oldu ki, sən demə, təhlükəli sayılan hər bir ağacdan dolayı ayrıca ərizə yazılmalıdır. Əlbəttə bu da sakinlər arasında bir qədər narazılıq doğurdu...
Lakin qısa zamanda qəzalı vəziyyətdə olan ağacın budanaraq ərazidən təmizlənməsi sakinlərin narazılığını bir qədər yumşaltdı.
Digər ağacların aqibətinə gəlincə isə, İlkin bəy növbəti həftələr ərzində onlarla bağlı edilmiş müraciətlərə də baxılacağını bildirdi.
Söz yox ki, problemin qısa zaman kəsiyində aradan qaldırıldığını görmək bizi məmnun edir, fəqət bir ilə yaxındır şikayət ərizəsi yazan məhəllə sakinlərinin növbəti illərdə də bənzər hallarla rastlaşmayacağına yalnız ümid edə bilərik...
Mir Çingiz Ağazadə
Əli Ələkbər
APA TV