Astara polisi sürücülərə maska və tibbi spirt paylayıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşları yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı respublikada həyata keçirilən tədbirlərə dəstək olaraq maarifləndirici aksiya təşkil ediblər.  

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, tədbir çərçivəsində Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və avtomobildə olan sərnişinlərə tibbi spirt və maskalar paylanıb. Həmçinin gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi vurğulanıb:

Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, ümumilikdə 200 sürücüyə maska və tibbi spirt paylanılıb: “Koronavirusla əlaqədar tərəfimizdən bizim üzərimizə düşən vəzifəni biz də icra edərək rayon ərazisində 200-ə yaxın nəqliyyat vasitəsi saxlanılaraq tərəfimizdən tibbi maskalar, spirtlər təqdim olunmuşdur. Sürücülərlə profilaktik, maarifləndirici söhbətlər apararaq onların gigiyenik qaydalara riayət olunması tövsiyə olunmuşdur. Bu cür mütəmadi olaraq rayon ərazisində davam etdiriləcək”.

Məhərrəm Ağayev bu aksiyaya və göstərilən diqqətə görə polis əməkdaşlarına minnətdarlıqlarını bildirib: “Yenə sağ olsun polislərimiz, maska ilə spirtlə təmin elədilər. Allah bu virusu məmləkətimizdən uzaq eləsin”.

Digər sürücü Bəhruz Əliyev də göstərilən diqqətə görə öz razılığını bildirib: “Lənkəranda yaşayırıq, işimiz Astaradadır. Şəhərin girişində maskaları verdilər ki salaq, sağlamlığımızı qoruyaq”.

Aksiya çərçivəsində ümumilikdə 200-ə yaxın sürücüyə tibbi spirt və maskalar paylanıb. Eyni zamanda saxlanılan avtomobillərin rayon gigiyena və epidemiologiya idarəsinin əməkdaşları tərəfindən dezinfeksiya olunması da təmin edilib.

Müəllif | Apa.Tv
Apa.tv