Astara sakini açıq havada muzey yaradıb

Astaranın ucqar Sım kəndi sanki açıq havada muzey yaradıb. Qədim tarixə malik kəndin hər daşı, hər qayası özündə hansısa dövrün sirrini-sehrini saxlayır.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yerli sakinlərin kəndin müxtəlif yerlərindən topladıqları maddi-tarixi nümunələr də bura gələn turistlərin marağına səbəb olur:

Sım kənd Folklor Evinin əməkdaşı Ruslan Əliyev deyir ki, burda nümayiş olunan əşyaları almaq istəyən çox olsa da o satmayıb: “Əsasən turistlərin gəlişində misal üçün gördüyünüz bu qılıncın üzərində işarə var, yazı yazılıb ərəbcə, turistləri cəlb edir. Satmağımı istəyirlər məndən, qətiyyən mən vermirəm. Bax gördüyünüz bu rəngli saxsı qabların üstündə işarələr var, bunlardan istəyirlər. Bu daşlardan, qartal dimdiyinə oxşar şəkil, hərəsindən istəyirlər. Sadəcə bunları nə bağışlayıram, nə də satıram”.

Sım kənd sakini Ruslan Əliyevin topladığı qədimi əşyalara belə mühafizəkarlıqla davranması başa düşüləndir. O, 25 il ərzində min bir əziyyətlə maddi-mədəniyyət nümunələrini yığıb evində saxlayıb. Çətinliklə topladığı tarixi əşyaların çoxu bu ərazidə başqa məqsədlər üçün aparılan qazıntı işləri zamanı aşkarlanıb. “Çoxunu öz həyətimdən tapmışam, şoxum vuran zaman yerdən çıxıb. Silib, təmizləyib saxlamışam. Gördüyünüz bu baltanı maşın yolu salanda tapmışam, orta əsrlərə aiddir. Sonra ev üçün daş yonanda bağda, daşın dibində bu külçə ilə birgə tapmışam. Bu külçənin yarısı sınmışdı, yarısı da bu vəziyyətdə idi. Axırıncı tapdığım bu saxsı qab və baltadır. Qohum, qardaşlardan da tapanda xahiş eləmişəm ki, tapdıqlarını gətirib mənə versinlər”.

Dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Astaranın mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə yerləşən Sım kəndi dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir. Kənd əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Sakinlər gələcəkdə kəndin tarixini özündə əks etdirən muzeyin yaradılması arzusundadırlar.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv