Astarada 4 narkotacir saxlanıldı – BİRİ QADINDIR

Astarada biri qadın olmaqla 4 narkotacir saxlanılıb. Onlardan ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə götürülüb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Günay Cəfərova 1 bükümdə metamfetamini satarkən saxlanılıb. Onun yaşadığı evdən isə əlavə olaraq 2 qram metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb.

 

Araşdırmalarla Günay Cəfərovanın psixotrop maddəni əvvəllər məhkum olunmuş Siyavuş Əliyevdən əldə etdiyi müəyyən edilib. Siyavuş Əliyev 1 bükümdə metamfetamini və 1 ədəd metadon həbini satdıqdan sonra saxlanılıb. Onun üzərindən 1 bükümdə heroin, 6 bükümdə metamfetamin, yaşadığı evdən isə 1 kiloqram heroin və elektron tərəzi aşkar edilib: “Bundan qabaq da bir dəfə narkotiklə məhkum olunmuşam. İki ildir məhkumluq həyatım bitib. Bu gördüyünüz narkotiklər də mənim üzərimdən çıxıb. Özüm bunları İrandan gətirmişəm və çoxdandır ki, istifadəçisiyəm”.

 

Digər əməliyyat tədbiri nəticəsində isə rayonun Şahağacı kənd sakini Oktay Quliyev heroin satarkən saxlanılıb. Onun üzərinə baxış keçirilib və bir büküm heroin aşkarlanıb. Araşdırmalarla narkotik vasitənin Emin Mikayılovdan əldə olunduğu məlum olub. O, 2 bükümdə narkotik vasitəni satarkən cinayət başında saxlanılıb. Üzərindən əlavə olaraq 5 bükümdə heroin aşkarlanaraq götürülüb. Onun evində axtarış aparılan zaman isə 5 ədəd bağlamada 6 kiloqramdan artıq tiryək, bir bükümdə 70 qram metamfetamin tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv