Astarada avtoxuliqanlıq edən şəxs həbs edildi
Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Siyakü kənd sakini Səbuhi Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ-2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan həmin sürücü saxlanılıb.
Saxlanılan Səbuhi Şahbazov etdiyi əməli etiraf edib: “Maşını götürdüm, dostumun ad günü idi. Getdim kəndə avtoşluq elədim. Bir də belə səhv eləmərəm”.
Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadə toplanan materialların məhkəməyə göndərildiyini deyir: “Sürücü ictimai qaydanı, əhalinin dincliyini, yol hərəkəti qaydalarını müxtəlif üsullarla pozaraq avtoxuliqanlıq etdiyi üçün tərəfimizdən saxlanılıb. İnzibati qaydada protokol tərtib olunaraq aidiyyəti üzrə Rayon Məhkəməsinə göndərilib”.
Avtoxuliqanlıq edən Səbuhi Şahbazov Məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.
Tural Kərimov
Rövşən Əzimov
APA TV