Astarada elektrik naqili qırılaraq yola düşdü, üç heyvan tələf oldu

Astarada elektrik naqilinin qırılıb yola düşməsi nəticəsində 3 baş iribuynuzlu ölüb. Hadisə Şiyəkəran kəndində baş verib.

Kənd sakini Şaiq Heydərovun APA TV-nin cənub bürosuna verdiyi məlumata görə, ailəsinə məxsus fermer təsərrüfatının mal-qarasını örüşə aparan zaman elektrik naqili qırılaraq yola düşüb və 3 iribuynuzlu heyvanı elektrik cərəyanı vuraraq öldürüb: “Mən mindim maşına, gəldim. Bəzi inəklər küncdə, bucaqda durublar. Bu 3-ü artıq demək olar ki, ölmüşdü. Gördüm artıq ölürlər, bıçaqla boyunları kəsdim, bəlkə də ətindən istifadə eləmək olar. Amma qan yaşıl rəngdə başladı tökülməyə, bunlar basdırılasıdır”. 

Kənd sakini Tacir Qədirzadə deyir ki, kənd ərazisindəki elektrik təsərrüfatı infrastrukturunun qəzalı vəziyyətdə olması barədə dəfələrlə Astara Elektrik Şəbəkəsinə müraciət etsələr də, yarana biləcək təhlükənin qarşısını almaqdan ötrü heç bir tədbir görülməyib. Xüsusən hava şəraitinin küləkli olması bədbəxt hadisələrin baş verməsinə daha çox şərait yaradır: “Bizim kəndimizdə bu, bizim üçün böyük bir narahatlıq yaradır. Çünki bu, insan tələfatı ilə nəticələnə bilərdi, şükür Allaha ki, heyvanlar tələf oldu. Xahiş edirəm bizə kömək eləsinlər”.

Şaiq Heydərovun dediyinə görə, hadisə nəticəsində yeni bala vermiş boğaz inəklər tələf olub və ona təxminən 6 min manata yaxın maddi ziyan dəyib. Məsələ ilə bağlı Astara Elektrik Şəbəkəsindən bildirildi ki, hadisə olan əraziyə baxış keçirilib və araşdırma aparılır. Araşdırmadan sonra maddi ziyanın ödənilməsi məsələsinə baxılacaq. Həmin qırılmış xətlər isə yenidən bərpa ediləcək.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv