Astarada fermerlər nə toxum, nə də texnika tapa bilir

Düyünün qida rasionumuzda xüsusi yeri var. Düyüdən hazırlanan yeməklər süfrəmizdəki ən xüsusi təamlardandır. Milli mətbəximizdə 200 plov növü məlumdur. Ölkəmizdə Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü öz ətri, dadı və bərəkəti ilə seçilib. Astaranın Artura, Səncərədi, Kakalos, Ərçivan və Pensər kəndlərində bir neçə gündür ki, bu gözəl nemətin əkininə başlanılıb. Əkini dədə-baba qaydası ilə aparanların dediklərinə görə, əl əməyindən istifadə edəndə əkin daha dəqiq gedir, şitilə qənaət olunur, keyfiyyətli məhsul götürülür, amma əziyyəti çox olur. Əziyyətdən söhbət düşmüşkən, zəhmətkeşlərin toxum, texnika və satışla bağlı problemləri işlərini daha da çətinləşdirir.

 

Fermer Rəsul İmanov deyir ki, bir ha ərazi əkirəm, bizim satışla bağlı problemimiz var: “Bir az çox əkdisə kimsə, 20-10 sot əkibsə, onu rahat sata bilir. Bir az çoxaldıqca onun satışı ilə bağlı problemimiz var. Dövlət səviyyəsində bizə dəstək olsa, daha yaxşı olar. Bizim böyük problemimiz toxumçuluqla bağlıdır, biz toxum tapa bilmirik. Nazirliyə də getmişik, dəstək istəmişik, toxum versələr də, bizi qane etmir o toxum, sırf bizə lazım olan toxumu tara bilmirik. Bir toxum iki il əkilirsə, o toxumda cırlaşma gedir yenidən toxum tapa bilmirik. Məcburuq biz köhnə toxumu dəfələrlə əkirik, o da cırlaşmaya gətirib çıxarır. Keçən il bir hektara yaxın ərazi əkmişdim, məhsulu 3.5-4 sentner verir. Hektar qane edir şükür, amma istədiyimiz rahatlıqla o məhsulu əkə bilmirik. Bilsəm ki, satışla bağlı problemimiz yoxdur, mən 10 hektar əkərəm, amma var axı. Əkərəm aparıb evimdə qalacaq”.  

 

Fermer Seyid Murtuzayev isə texnika çatışmazlığından gileylənir: Bir texnika var bizim kənddə, çatdıra bilmir ona görə camaat gecikir. Yarısı torpaqlar qalıb diska vurmağa texnikamız azdı bir texnikaya baxır bu boyda kənd”.

 

Fermer Mehman Quliyev də texnika çatışmazlığından gileylənir: “Birinci növbədə texnikamız yoxdur, bir dənə texnikamız var o da, sovetlər dövründən qalan texnikadır, biz onu işlədə bilmirik, o çox vaxt xarab olur, ehtiyat hissələri bahadır, o da məcburi surətdə bizə baha qiymətə işləri görür. Çəltikçilik elə sahədir ki, çox ağır, yük tələb edən sahədir. Əl əməyindən çox istifadə olunur, biz bunu aradan qaldırmaq üçün dəfələrlə məsələ qaldırmışıq. Bizə mini traktorlar verilsin lizinq yolu ilə, güzəştli şərtlərlə insanlar da alar, istifadə edər, əl əməyindən də az istifadə olunar, biz də bu sahəni daha da artıra bilərik. ///  Bizə gübrələr verilmir. O vaxt verilir ki, heç bizə lazım deyil. Vaxtında verilməlidir, vaxtında verilməyən gübrə kimə lazımdı? O qalır öz keyfiyyətini itirir bizə lazım deyil. Biz məsələ qaldırmalıyıq toxum əldə edək, sağlam toxum.”

 

Vurğulanan problemlərlə bağlı Astara DAİM-in direktoru Etibar Abbasov bildirdi ki, keçən ay rayonda səyyar gübrə satışı həyata keçirilib, yaxın vaxtlarda növbəti satış təşkil olunacaq. Texnika ilə bağlı problemlərdən çıxış yolu isə Aqroservislərin mini-texnikalarla təmin edilməsindədir: “Bəzi problemlər var sertifikatlı toxumlarla bağlı. Rayonda həqiqətən sertifikatlı toxum yoxdur, fermerlərin özlərinin istehsal etdikləri təkrar toxumlardan istifadə olunur, bunlar da məhsuldarlığın gələcəkdə aşağı düşməsinə səbəb ola bilən amillərdən biridir. Texnikalara bizim ehtiyacımız var, iri şirkətlər özləri üçün texnikalar alıblar, onların sahələri böyük olduğu üçün eyni vaxtda fermerlərə köməklik edə bilmirik, çünki eyni vaxtda əkilir deyə onlar öz sahələrini əkib bitirəndən sonra bizə köməklik edirlər. O da ki, əkinin gecikməsinə səbəb olur. Əkin texnikalarına, şum texnikalarına bizdə ehtiyac var. Yaxşı olar ki, bizim Lənkəran ərazi aqroservisin bazası gücləndirilsin və bura aid olan texnikalar ora gətirilsin və biz də ondan bəhrələnək”.

 

Bu il Astarada, ümumilikdə 250 hektar çəltik sahəsinin becərilməsi planlaşdırılır. Artıq 30 hektar ərazidə əkin başa çatıb.

 

Qeyd edək ki, ötən il rayonda 240 hektar sahədən min tondan çox çəltik yığılıb ki, bu da ölkə üzrə ən yüksək göstərici hesab olunur.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Astara

 

Müəllif | Apa.Tv
Apa.tv