Astarada ilin ilk bal süzümü başlayıb – MƏHSULDARLIQ GÖZLƏNİLMİR
Astarada bu ilin ilk bal süzümü başlayıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, cənub bölgəsində ən iri arıçılıq təsərrüfatları Astara rayonunun payına düşür. Hazırda rayonda 1300-dən çox arıçının təsərrüfatında 29 minə yaxın arı ailəsi var.
Çəkiliş etdiyimiz Miki kəndində əhalinin əsas məşğuliyyəti arıçılıqdır. Min bir əziyyətə baxmayaraq, məhsuldarlıq bir qədər aşağıdır. Səbəb yazın əvvəllərində ağacların çiçəklənmə dövründə havaların yağıntılı keçməsidir. Bildiyimiz kimi, arı rütubəti yox, quraqlığı sevir.
Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov məhsuldarlığın aşağı olmasının səbəbini belə izah edir: “Keçən illər əgər hər arı ailəsindən 10-12 kq məhsul götürmüşdüksə, bu il hər arı ailəsindən birinci süzümdə 5-6 kq məhsul götürürük”.
Arıçı Tərlan Salayev də deyir ki, bu il keçən ilkinə nisbətən bal zəifdir: “O da bahar fəsli yağıntılı keçdiyinə görə bal bir az zəifdir. Biz arıçılar bu karantinlə əlaqədar əvvəl arıların yanına gedə bilmədik, sonra kənd təsərrüfatı idarəsinə müraciət etdik, bizə portal vasitəsilə icazə verildi. Biz arılarımızn yanına sərbəst gedib-gələ bildik”.
Havaların yağışlı olması “may balı”nın süzümünü iyun ayının axırına kimi gecikdirib. Beləliklə, “may balı” ağac bitkilərinin balının süzüm vaxtı ilə eyni vaxta düşüb. Ağac bitkilərindən toplanan balın məhsuldarlığı isə əksinə, çox yaxşıdır.
Gənc arıçı Vidadi Hüseynov bal süzümü prosesini belə təsvir edib: “Balın qaymağı tutuldu, çünki qaymaq tutulmasa, bal süzülməyəcək. Arı artıq onu tap möhürləyib. Ona görə də qaymaq tutulur və bal süzən aparatda balı süzürük. Bal süzüləndən sonra da bidonlara yığırıq. Sonra da şüşə bankalara, balonlara vurub satışa çıxarırıq”.
Arıçılar koronavirus pandemiyasının tezliklə bitməsinə ümid edirlər ki, sərgi-satış yarmarkası təşkil olunsun. Çünki təsərrüfatçılar məhsullarını - bal, arı südü, güləm, vərəmum və çiçək tozunu əsasən yarmarkalarda satışa çıxarmaqla gəlir əldə edirlər. Gənc arıçılar isə çıxış yolunu onlayn satışda görürlər: “Bir gənc arıçı kimi - yaşlı nəsli deyə bilmərəm - şəxsən məndə onlayn satışdır, internet üzərindən satışlar edirəm. İstehsal elədiyim məhsulun qərb rayonlarından, Bakı, Sumqayıt və Naxçıvandan ən çox sifarişləri olur”.
Astara balının 1 kiloqramı minimum 20-25 manata satılır. Balın növünə görə qiymət də dəyişir.
Qeyd edək ki, ötən il orta hesabla hər arı ailəsindən 18-20 kq bal götürülməklə Astarada 500 tona yaxın bal tədarük edilib.
Tural Kərimov
Rövşən Əzimov
Astara