Astarada karantin qaydalarına əməl etməyənlər cərimələnib

Astarada karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə ictimai nəqliyyatda və qapalı məkanlarda reydlər keçirilib. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı edilən xəbərdarlıqlara baxmayaraq, yenə də tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlərə rast gəlinib: 

- Hamı maska ilə idi, onu buradan götürdüm. Dedim maska, dedi alacağam. Gəlib çıxmışam bura mən neyləyim? 

- Bağışlayın, yadımda olmayıb, diqqətimdən çıxmışdı. Bundan sonra belə hadisələr olmayacaq.

- Dəfələrlə deyirik. Eləsi var imkanı olmur almağa, ya deyir almışam qalıb çantada, nə bilim. Amma həmişə riayət edirəm.

Nəqliyyat vasitələrinin və fərdi minik avtomobillərinin sürücüləri, həmçinin sərnişinlərlə profilaktik söhbətlər aparılıb və gigiyenik vasitələrdən istifadənin zəruriliyi diqqətə çatdırılıb. Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadə deyir ki,  edilən xəbərdarlıqlardan nəticə çıxarmayanlar barəsində protokol tərtib edilərək cərimələniblər: “Tədbirlərin mahiyyəti ondan ibarətdir ki, epidemiya qaydalarına riayət olunsun. Tərəfimizdən tibbi maskalar, spirtlər, sürücülər və sərnişinlərə paylanılıb. Sürücülərin nəzərinə çatdırılıb ki, bir daha belə səhvlərə yol verməsinlər və tövsiyəmiz də ondan ibarətdir ki, digərlərinə də xəstəlik keçirməsinlər”.

Rast gəlinən neqativ hallardan biri də bəzi sürücülərin artıq sərnişin götürməsi olub. Belə sürücülərə bir daha xəbərdarlıq edilib ki, nəqliyyat vasitəsinə müəyyən edilmiş normalardan artıq sərnişin götürmək infeksiyanın yayılması və daha çox insanın yoluxması riskini artırır.

Koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində qapalı məkanlarda, xüsusilə iri ticarət mərkəzləri və marketlərdə də reydlər təşkil olunub. Satıcı Rəsilə Məmmədova deyir ki, onlar qaydalara riayət edirlər: “Müştərilər içəri girəndə maska taxmalarını tələb edirik, olmayanda da özümüz təqdim edirik. Yəni COVID-19 ilə bağlı olaraq təhlükəsizliyimizi hər cür təmin edirik”.

Əksər insanların sanitar rejimin tələblərini gözlədiyi müşahidə olunsa da, bəzi müştərilərin hətta müəyyən hallarda satıcıların belə tibbi maskasız olduğu aşkarlanıb. Həmin şəxslərə bir daha xəbərdarlıq edilib və növbəti dəfə qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəkləri bildirilib.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv