Astarada karantin rejimini pozan şəxs həbs edildi
Astarada karantin qaydalarını pozan şəxs həbs edilib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs saxlanılıb. Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Kənan Əmrayev polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Lənkəran rayonunun ərazisinə daxil olub. O, daha sonra Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada həbs edilib.
Kənan Əmrayev qaydaları öz avtomobili ilə pozduğunu bildirib: “Astara rayonundan Lənkəran şəhərinə keçirdim. Karantin qaydasını öz maşınımla pozdum və getdim. Qayıdandan sonra da polis əməkdaşları məni tutub həbs elədilər”.
Ümumilikdə bu günədək polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər barəsində inzibati qaydada tədbirlər görülüb.
Tural Kərimov
Rövşən Əzimov
APA TV