Astarada “Qırmızı kitab”a düşən bitkiləri kəsənlər cərimələndi

Astara polisi rayon ərazisində “Qırmızı kitab”a daxil olan bitkilərin kəsilərək daşınması təşkil edən şəxsi saxlayıb.

 

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı Cəlilabad rayon sakini Elvin Əliyevin idarə etdiyi “Ford Transit” markalı avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerinə keçirilən baxış zamanı oradan “Qırmızı kitab”da “Təhlükəli həddə yaxın olanlar” kateqoriyasına aid olan 16 min 800 ədəd “Budaqlı danaya” bitkilərinin budaqları aşkarlanıb. Şəxsin həmin fakt üzrə təbiətə 4200 manat ziyan vurulduğu müəyyən edilib.

 

Rayon ərazisində saxlanılan “QAZ-66” markalı avtomobilin yük yerindən isə qanunsuz olaraq kəsilmiş müxtəlif növ ağacların qalıqları aşkarlanaraq götürülüb.

 

Şöbə əməkdaşlarının ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları ilə birgə yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl və qarışıq süxurların daşınması hallarına qarşı keçirdikləri ardıcıl yoxlama-nəzarət tədbirləri nəticəsində təkcə son 1 həftə ərzində 15 fakt aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, rayon ərazisində bu cür tədbirlər davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv