Astarada reyd keçirildi – SƏRNİŞİN SIXLIĞINA GÖRƏ

Bayram günlərində ictimai nəqliyyatda sərnişin sayının artması ilə əlaqədar olaraq karantin qaydalarına riayət olunmasını təmin etmək məqsədilə Astarada reyd keçirilib.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı sürücü və sərnişinlərin tibbi maskaladan istifadə etməsi, sərnişin sayının qaydalar çərçivəsində olması yoxlanılıb.

Normadan artıq sərnişin daşınması halları aşkarlandıqda sürücülərə bir daha xəbərdarlıq edilib və bu halın yoluxma riskini artırdığı diqqətə çatdırılıb:

- Bayram olduğuna görə, səbəb də budur ki, sıxlıq yaranıb. İnşallah belə olmaz da daha.

- Sərnişinlərdən tələb eləyirlər maska vurmağı, bizdən də tibbi müayinədən keçməyi istədilər. Bu gün keçməmişəm, ona görə cərimə ödəyəcəyik.

Reyd zamanı yol polisi əməkdaşları tərəfindən sürücülərə tibbi maska və spirt də paylanıb:

ASTARA RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin rəisi İlqar Rəhimzadə deyir ki, belə tədbirlər bundan sonra da davam edəcək: “Bayram günləri ilə əlaqədar rayon ərazisində, ictimai nəqliyyatlarda tərəfimizdən tədbirlər həyata keçirilir. Tədbirlərin məqsədi ondan ibarətdir ki, sürücülərimiz nəqliyyat vasitələrinə artıq sərnişin götürməsinlər və sürücülər tibbi müayinədən vaxtı-vaxtında keçsinlər”.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv