Astarada sürücülük hüququ olmadan, atasının maşını ilə avtoxuliqanlıq edən şəxs yaxalanıb

Atasına məxsus avtomobillə rayon ərazisində avtoxuliqanlıq edən Astara sakini yaxalanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan İmamverdi Tofiqzadə saxlanılıb.

Onun  sürücülük hüququ olmadan atasına məxsus "VAZ-2107" markalı avtomobili idarə etdiyi məlum olub: “Dostumla çıxmışdım şəhərə. Gəzirdik, avtoxuliqanlıq elədik. Polis əməkdaşları gəldi, dedilər “saxla”, biz də saxlamadıq, sürdük”. 

Astara RPŞ DYPB-nin rəisi İlqar Rəhimzadənin sözlərinə görə, sürücü barədə toplanan materiallar məhkəməyə göndərilib: “Sürücü ictimai qaydanı, əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı şəkildə pozduğu üçün tərəfimizdən saxlanılaraq onun barəsində toplanan inzibati material aidiyyəti üzrə Rayon Məhkəməsinə göndərilmişdir.

Avtoxuliqanlıq edən şəxs Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub. 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv