Astarada torpaq sürüşməsi baş verdi, evlər qəzalı vəziyyətə düşdü
Astarada baş vermiş torpaq sürüşməsi 20-yə yaxın ailə üçün təhlükə yaradıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, son aylar qeyri-sabit hava şəraiti nəticəsində rayonun Şümrüd kəndində sürüşmə daha aktiv fazaya keçib. Bir neçə ev qəzalı vəziyyətə düşüb, 150 metr dərinlikdə yarğanlar əmələ gəlib.
Dəniz səviyyəsindən təxminən 600 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il 9 hektar sahədə torpaq sürüşməsi baş vermişdi. İndi isə sözügedən ərazidə sürüşmələr hər gün artmaqdadır. Təhlükəli vəziyyət 200-ə yaxın təsərrüfatı olan kənddə yaşayan sakinləri narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür. Dolanışıqları arıçılıq və heyvandarlıqdan çıxan sakinlər kəndin digər ərazisində onlar üçün evlər tikilməsini xahiş edirlər.
Kənd sakini Maşallah Zülfüqarov iki aydır qardaşıgildə yaşadığını deyir: “Evimiz bu vəziyyətdədir. 2 aydır qardaşımgildə qalırıq, göz qabağındadır. Təhlükəli vəziyyətdir, biz burada qala bilmirik, vəziyyət çox pisdir. İçərisində də 2 metr dərinlikdə yarğan var, ağac girir içəri.
Kənd sakini Müqəddəs Bağırov deyir ki, qardaşına məxsus ev də torpaq sürüşməsi zamanı qəzalı vəziyyətə düşüb: “Bu ev qardaşıma məxsusdur, qəzalı vəziyyətə düşüb. Qardaşım II qrup əlildir, hal-hazırda 3 uşağını məktəbə göndərə bilmir, burada yaşaya bilmir. Qapılar nə açılır, nə bağlanır. Bizim evimiz də o tərəfdə idi, qəzalı vəziyyətdəydi, uçdu getdi. Çox sağolsun dövlətimiz, bizə ev verdi, evlə təmin eləyib. Biz də istəyirik qardaşıma da köməklik eləsin. Qardaşım xəstədir, hazırda müalicəyə gedib”.
Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Fəqan Əhmədov deyir ki, hələ sürüşmənin ilkin mərhələsində Astara Rayon İcra Hakimiyyəti tərəfindən olunmuş müraciət əsasında Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssisləri əraziyə baxış keçiriblər: “Burada yerləşən 18 fərdi yaşayış evindən birinin qəzalı vəziyyətdə olduğu qeyd olunmuşdur. Qalan evlərin texniki vəziyyəti qənaətbəxş hesab edilmişdir. Amma hal-hazırda gördüyümüz kimi sürüşmə daha da aktivləşib və burada yerləşən torpaq sahələrinin müəyyən hissəsində sürüşmə baş verib. Nəticədə 8 fərdi yaşayış evi üçün təhlükəli vəziyyət yarandığından həmin evin sakinləri təxliyə edilib, qohumlarının evlərində yerləşdirilib”.
Qeyd edək ki, Astara Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunmuş ərazidə burada yaşayan vətəndaşlar üçün yüngül konstruksiyalı modul tipli fərdi yaşayış evlərinin tikintisi üçün təklif irəli sürülüb və nəticəsi barədə cavab gözlənilir. Ümid edirik ki, aidiyyəti qurumlar Şümrüd kəndində yaşayan əhalinin bu probleminin aradan qaldırılmasına həssaslıqla yanaşacaqlar.
Tural Kərimov
Rövşən Əzimov
APA TV