Astarada torpaq sürüşməsi şəhid ailəsinin evini təhlükəli vəziyyətə salıb
Son zamanlar yağıntıların çox olması Astaranın bəzi kəndlərində sürüşmə prosesini sürətləndirib.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, gecə saatlarında baş verən torpaq sürüşməsi nəticəsində Siyəkü kənd sakini Gülxarə Babayevaya məxsus yaşayış evi təhlükə ilə üz-üzə qalıb. Torpaq qatı evin divarlarına kimi yaxınlaşıb və növbəti yağıntılar daha təhlükəli ola bilər.
Torpaq sürüşməsinin yaratdığı digər bir problem isə qrunt sularının evə dolmasıdır.
Təbiət hadisəsi zamanı kənd sakininin fərdi təsərrüfatında olan sitrus bağına da ziyan dəyib, 20-yə yaxın ağac torpaq altında qalıb, bəziləri aşıb: “Gecə vaxtı idi, səs gəldi evə. Gördük bu dağ sürüşüb dayanıb evə. Evin altı da su içindədir. Hesab elə təhlükə vəziyyətindədir. Qardaşıma dedim, gəldi baxdı, zəng elədik ora-bura, hələ heç bir tədbir yoxdur. Bu tərəfdən də bağ sürüşür gəlir, neçə ağac çıxarmışıq, başqa yerdə əkmişik. Sürüşüb gəlir evin üstünə”.
Ev sahibinin qardaşı Etibar Əliyev evin uçmaq təhlükəsinin olduğunu deyir: “Gəldik, gördük evin dalı, hamısı sürüşüb, tökülüb evin üstünə. Biz də müraciət elədik aidiyyəti qurumlara. Xahiş edirəm, heç olmasa, gəlsinlər bir köməklik eləsinlər, bunu təmizləsinlər. Evdə körpə uşaq var, sabah Allah eləməmiş bu, uçura bilər evi. Evin içi hamısı sudur, su evin içindən çıxıb gedir. 5-6 kubik sürüşüb dirənib evə”.
Kənd bələdiyyəsinin sədri Ramin Dədəyev APA TV-yə bildirib ki, məsələ ilə bağlı aidiyyəti orqanlara məlumat verilib və tez bir zamanda problemin aradan qalxması üçün köməklik göstəriləcək: “Bəli, bu zona çoxdandır sürüşmə ərazisidir. Son dövrdə bilirsiniz ki, yağış və qar nəticəsində həmin su axarları evin arxasında qalmış, izolyasiya suları evin altına keçmişdir. Biz də bu əraziyə baxış keçirmişik. Yaxın gələcəkdə texnika veriləcək, bu sürüşmə aradan qaldırılacaqdır”.
Qeyd edək ki, sürüşmənin təhlükəli vəziyyətə saldığı ev şəhid ailəsinə məxsusdur və Gülxarə Babayeva şəhid Məhəmməd Babazadənin anasıdır. Kiçik çavuş Məhəmməd Babazadə Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalıb və ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV