“At əti yeyib, kişnəyərəm” – Azərbaycanlılar niyə at əti yemirlər?

Qida sektorunda hiylə bitmək bilmir. Məsələn, zaman-zaman 100 faiz inək əti adıyla at ətli kolbasa, sosiska, həmçinin kiloluq ət satmağa cəhd edən sahibkarlarla bağlı xəbərlər eşidirik. Maraqlıdır, at əti təhlükəlidir? Təbii ki mal əti adı ilə at əti satmaq cinayətdir. Ancaq bəs elə at əti adıyla at əti satmaq mümkündürmü? Qazaxıstan kimi bir sıra ölkələrdə atın əti də, südü də istifadə olunur. Ölkəmizdən at əti yeyilməsə də, Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, Azərbaycandan digər ölkələrə diri atlar ixrac olunur. Qida eksperti Ağa Salamov deyir ki, əslində at əti digər ətlərdən fərqlənmir və heç bir qida zəhərlənməsi də vermir. Onun sözlərinə görə, at, inək, mal ətlərilə müqayisədə mikrobioloji çirklənməyə donuz əti daha meyllidir. Məsələn, əldə açıq yara, çapıq varsa və bu zaman donuz əti həmin çapıqla təmasda olsa, əl irinləyə bilir. Ancaq digər ət məhsullarından istifadə zamanı bu baş vermir. Bütün bunlara baxmayaraq, bizim camaat daha çox quzu ətinə üstünlük verir. Ekspert bunun daha çox xalqların mentaliteti ilə bağlı olduğunu deyir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də belə bir qadağanın olmadığını deyir. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, at ətinin qida məhsulu kimi istifadə olunmaması ilə bağlı qanunvericilikdə hər hansı müddəa nəzərdə tutulmayıb. Sadəcə bu ət digər ət məhsulları ilə bağlı tələb olunan müvafiq norma və qaydalar çərçivəsində, həmçinin at ətidirsə, at əti adı altında təqdim oluna bilər. Bu zaman digər baytarlıq və qida təhlükəsizliyi göstəricilərinə əməl olunmalıdır. Yaxşı bəs, ölkəmizdə at əti satılsa, alıcısı olarmı? Qəssab və alıcılarla söhbətləşdik. Hər nə qədər insanlarımız at əti yemək istəməsələr də, bu ətin tərkibində yağ az olduğu üçün yağlı ət sevməyən insanlar at əti yeyə bilərlər və bunun tibbi nöqteyi-nəzərdən də heç bir fəsadı yoxdur. Bəli, görünən odur ki, tarix boyu at insanın dostu, döyüşlərdə ən etibarlı yoldaşı olduğu üçün Azərbaycan insanı onu kəsməyə qıymır. Hətta zaman-zaman at namus belə sayılıb. Bəzi dövrlərdə isə Azərbaycanda, eləcə də bəzi türk dövlətlərində at müqəddəsləşdirilib, insan öləndə onu at fiquru ilə dəfn ediblər. Azərbaycanın bəzi rayonlarında at qocalanda belə onu kəsmir, meşəyə buraxırlar daha rahat yaşasın. Folklorumuzda da atın özünəməxsus yeri olub. Dər gülü at igidə Varın var, sat, igidə. Bərk gündə, bərk ayaqda Yoldaşdır at igidə… Bütün bu faktlar ölkəmizdə ata olan böyük ehtiramın göstəricisidir. Ancaq görünən odur ki, bəzi dələduzlar dana əti adı ilə at əti satmağa çalışanda bu məqamları qətiyyən nəzərə almırlar. AYNUR QARA APA TV

Müəllif | Apa.Tv
Apa.tv